Arif Həsənov (Seysmoloq Alim)
Arif Həsən oğlu Həsənov (6 iyun 1939, Bakı – 24 yanvar 2008, Azərbaycan) — Azərbaycanlı; geologiya-mineralogiya elmləri doktoru; Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor
== Həyatı ==
Arif Həsənov 1939-cu il iyun 6-da Bakı şəhərində böyük ictimai-siyasi xadim Həsən Məmməd oğlu Həsənovun ailəsində anadan olmuşdur. 1956-cı ildə Bakıda 160 saylı orta məktəb]i bitirərək, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin geologiya fakültəsinə daxil olmuş, 1961-ci ildə bitirmişdir. Arif Həsənov seysmologiya və zəlzələnin proqnozu sahələrində görkəmli mütəxəssis və tanınmış alimdir. Onun elmi fəaliyyətinin əsas istiqaməti Azərbaycanın neftli-qazlı bölgələrinin geoloji xüsusiyyətləri və neftin fiziki-kimyəvi xüsusiyyətlərinin öyrənilməsinə, seysmoloji məlumatlara əsasən respublika ərazisinin seysmikliyinin, seysmik sahənin kinematik və dinamik parametrlərinin, zəlzələ ocağı meхanizmlərinin öyrənilməsinə, seysmotektonik elementlərin və seysmogen bölgələrin neftli-qazlılıq perspektivlərinin dəqiqləşdirilməsinə yönəldilmişdir.
== Elmi fəaliyyəti ==
Arif Həsənov elmi fəaliyyətə 1961-ci ildə "Neft və qaz yataqlarının geokimyası" laboratoriyasında baş laborant kimi başlamışdır. Həmin ildən kiçik elmi işçi kimi "Aşağı Kür çökəkliyi Abşeron yarusunun neft-qaz yataqlarının öyrənilməsi" mövzusu ilə məşğul olmuşdur. 1967-ci ildə "Kürovdağ, Qarabağın, Babazənən sahələrində geoloji struktur və litofasial xüsusiyyətləri ilə əlaqədar neft və qazın Abşeron çöküntülərində yatım şəraiti" mövzusunda dissertasiya işini müdafiə etmiş və geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi almışdır. A.H.Həsənov Azərbaycanın neftli-qazlı bölgələrinin geoloji xüsusiyyətləri və neftin fiziki-kimyəvi xüsusiyyətlərinin öyrənilməsi ilə məşğul olmağa başlamışdır. Tədqiqatların nəticəsi Azərbaycan EA-nın elmi nəşrlərində, keçmiş SSRİ EA-nın mərkəzi nəşrlərində və xarici ölkələrdə dərc olunmuşdur.
A.Həsənova 1991-ci ildə Respublikanın neftli-qazlı yataqlarının tədqiqatlarında olan xidmətlərinə görə "Azərbaycan SSR-nin neft və qaz sənayesinin əməkdar işçisi" Fəxri adı verilmişdir.