Məhəmməd Hadi. Seçilmiş əsərləri. II cilddə.II cild
Məhəmməd Hadi. Seçilmiş əsərləri. II cilddə. II cild — Məhəmməd Hadinin (1879–1920) əsərlərinin II cildinə onun Azərbaycan və Türkiyə mətbuatında çıxan publisistik yazıları, nəsr əsərləri, ədəbi-tənqidi məqalələri, iqtibas və tərcümələrindən bəhs edən kitab.
== Haqqında ==
XX əsr Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixinin ən parlaq və universal zəkalarından olan, “Hürriyyət əndəlibi” adlandırılan, yaradıcılığa başlayarkən özünə “Hadi” təxəllüsünü götürən (ərəbcə doğru yol göstərən, düz yola çağıran, bələdçi) və təxəllüsün daşıdığı mənalara bütün yaradıcılığı boyu sadiq qalan Məhəmməd Hadi Azərbaycan romantizminin inkişafında mühüm xidmətlər göstərmişdir. Kitaba 1905–1919-cu illərdə Bakıda nəşr olunmuş "Həyat", "Füyuzat", "Təzə həyat", "İttifaq", "Tərəqqi", "Səda", "İqbal", "İqdam", "Bəsirət", "Sovqat", "Açıq söz", "Azərbaycan", İstanbulda çıxan "Sabah", "Tənin" və "Məhtab" kimi mətbuat orqanlarından toplanmış, ərəb qrafikasından transliterasiya olunaraq tərtib olunan dörd bölmədən ibarət kitabın birinci – "Publistikası" bölməsinə 91, ikinci – "Nəsr əsərləri" bölməsinə 12, üçüncü – "Ədəbi-tənqidi məqalələri" bölməsinə 9, dördüncü — "İqtibas və tərcümələr" bölməsinə 13 əsər daxil edilmişdir. Əsərlər izah və şərhlər yazılmaq, mənbələri göstərilməklə xronoloji ardıcılıqla düzülmüş, dil və üslubu mümkün qədər qorunub saxlanılmışdır. Kitabın elmi məsləhətçisi akademik İsa Həbibbəyli, elmi redaktoru filologiya elmləri doktoru, professor Asif Rüstəmli, məsul redaktoru, toplayanı, ərəb qrafikasından transliterasiya edib çapa hazırlayanı, şərhlərin müəllifi filologiya elmləri doktoru, professor İslam Qəribli, Məhəmməd Hadinin əsərlərində ərəb dilində işlətdiyi, anlamını Azərbaycan dilində vermədiyi mətn və ifadələrin tərcüməçisi filologiya elmləri doktoru, professor İmamverdi Həmidov, Məhəmməd Hadinin əsərlərində fars dilində işlətdiyi, anlamını Azərbaycan dilində vermədiyi mətn və ifadələrin tərcüməçisi isə filologiya üzrə fəlsəfə doktoru Könül Hacıyevadır.
== Əhəmiyyəti ==
Məhmməd Hadi irsinin böyük bir hissəsini təşkil edən publisistikası, bədii nəsri, ədəbi-tənqidi məqalələri, publisistik iqtibas və tərcümələri müxtəlif münasibətlərlə tədqiq olunsa da, indiyə kimi kitab halında nəşr olunmamış, ədəbi-elmi ictimaiyyətə çatdırılmamışdır. Müəllifin əsərlərinin II cildinə onun Azərbaycan və Türkiyə mətbuatında çıxan publisistik yazıları, nəsr əsərləri, ədəbi-tənqidi məqalələri, publisistik iqtibas və tərcümələri salınmışdır.