Siyaqut
Siyaqut — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda, rayon mərkəzindən 10 km cənub şərqdə, Bakı-Şərur dəmir yolundan 3 km aralı, Şərur düzündə yerləşən kənd.
Kəndin əhalisi əsasən meyvəçilik, tərəvəzçilik və çuğundurçuluqla məşğuldur. Kənddə orta məktəb, iki kitabxana, klub, tibb məntəqəsi, məscid, istirahət parkı və mədəniyyət mərkəzi mövcuddur. Güllüklər, Qaraxallı, Kalafalar kimi tarixi məhəllələri var.
Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Siyaqut kəndindən köçüb gəlmiş azərbaycanlı ailələr tərəfindən salınmışdır. Oykonim İran dillərindəki siya (qara) və qut (qala) komponentlərindən düzəlib "qara qala" mənasındadır.
2009-cu ildə keçirilmiş əhalinin siyahıyalınmasında kəndin əhalisi 1687 nəfər göstərilir.
Seyfəddin Qurbanov — azərbaycanlı heykəltaraş, memar, Ukraynanın Xalq Rəssamı.
Budaq Təhməz — Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, şair.