Soltan Yusif
Yusifov Soltan Sərdar оğlu (Soltan Yusif) (1935-2003) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
== Həyatı ==
Soltan Yusif 29 noyabr 1935-ci ildə Qaryagin rayonunun Kərimbəyli kəndində anadan olub. Erkən yaşlarından eşitmək qabiliyyəti itirib. Kərimbəyli kənd 7 illik orta məktəbi bitirib, bir müddət kənddə qalıb kolxozda işlədikdən sonra Bakıya gələrək karlara məxsus axşam fəhlə-gənclər məktəbinin 8-ci sinfində təhsilini davam etdirib, gündüzlər çəkmə tikməklə məşğul olaraq axşamlar dərsə gedib. Atasının vəfat etməsi, böyük qardaşının hərbi xidmətdə olmağı və sonra Neft Sənaye İnstitutunda oxumağı, anası Güllər xanımın evdar qadın olması onu işləmək məcburiyyəti qarşısında qoyub. Bununla belə 8-ci sinifdə dərslərindən əla qiymətlər aldığı üçün yanvar imtahanından sonra komissiyanın qərarı ilə onu 8-ci sinifdən 10-cu sinifə keçiriblər. Dərsliklər ayrı, fənnlər ayrı olsa da, çətinliyə baxmayaraq, o, əlaçı olaraq qalıb. Orta məktəbi bitirdikdən sonra sənədlərini N.K. Krupskaya adına Bakı Kitabxanaçılıq Texnikumunun qiyabi Mədəni-maarif şöbəsinə verib. Texnikumu bitirəndən sonra Karlar cəmiyyətinin Bakı şəhər şöbəsinin sədri, Azərbaycan Karlar Cəmiyyətinin mərkəzi idarə heyətinin sədri, sədr müavini, direktor müavini, direktoru, hüquqşünası vəzifələrində işləyib, özünün təşəbbüsü ilə nəşrə başlamış cəmiyyətin orqanı "Bizim həyat" qəzetinin şöbə müdiri, sonra isə baş redaktoru olub.
Soltan Yusifin 7 şeirlər və poemalar kitabı nəşr edilib, şeirlərinin çoxu müxtəlif dillərə çevrilib.