Suraxanı rayonu
Suraxanı rayonu – Bakıda inzibati rayon. Bülbülə, Əmircan, Qaraçuxur, Yeni Günəşli, Yeni Suraxanı, Hövsan, Zığ qəsəbələri və Dədə Qorqud yaşayış sahəsi bu rayona aiddir.
== Tarixi ==
Suraxanı toponimi tat leksikasına mənsubdur. Məlumdur ki Suraxanıda qədimdən irandilli tatlar məskunlaşmışlar. Suraxanı toponimi iki komponentdən ibarətdir: surax — fars və tat dillərində çala, çuxur, oyuq, deşik, xanı isə mənbə, qaynaq, çeşmə, fəvvarə deməkdir. S. Aşurbəyli yazır ki, "Suraxanı oyuqdan, deşikdən qaynayıb daşan, fəvvarə vuran deməkdir."Suraxanı rayonunun əsası 1920-ci ilin may ayında qoyulub, rayon olaraq isə yenidən 3 noyabr 1934-cü ildə yaradılıb, 18 aprel 1990-cı ilədək Orconikidze rayonu adlanırdı. Həmin tarixdən isə Bakı şəhərinin Orconikidze rayonu Suraxanı rayonu adlandırıb.
== Mədəniyyəti ==
=== Atəşgah ===
Od məbədi olan "Atəşgah" Bakının 30 kilometrliyində, Abşeron yarımadasında Suraxanı qəsəbəsinin cənubi-şərq hissəsində yerləşir. Məbəddə Düma, Mendeleyev, Vereşşagin, professor Berezin, akademik Dorn kimi məşhur alim və səyyahlar qalmışlar. "Atəşgah"ın sahəsi 1368 m2 və yaxud 0,14 ha-dır."Atəşgah" məbədi Azərbaycan SSR Nazirlər Sovetinin 03.01.1964-cü il tarixli, 3 saylı qərarı ilə yaranmışdır.