1. Balalarını yedirib bəsləmək üçün qadınların və məməli heyvanların məmələrindən gələn ağ, qidalı maye. Uşağa süd vermək. Qoyun südü. İnək südü.
– [Səkinə:] Vallah, döşümdə südüm quruyub.
Qərənfil bacı südü ağ qalaylı mis qazana boşaldaraq, həyətdə qaladığı ocağın üstünə qoydu.
□ Süd vermək – əmizdirmək (uşağı).
2. Bəzi bitkilərin ifraz etdiyi ağ maye.
◊ Süd anası (nənəsi) – körpəyə süd verən başqa qadın; dayə, tərbiyə edib böyüdən qadın.
[Xarrat:] Oradan da [uşağı] kənddə bir süd anasına (dayəyə) verdilər.
Süd dişi – uşağın çıxartdığı ilk diş.
Təzə çıxan süd dişinə; Qəhqəhəli gülüşünə; Tırıp-tırıp yerişinə; Çox baxıb heyran olmuşam.
Süd gölünə düşmək – rifah və səadət içərisində yaşamaq, həyatın bütün nemətlərindən faydalanmağa başlamaq.
Əhmədlə Məmməd çatdıqları gündən süd gölünə düşüblər.
Süd kimi – 1) ağappaq, qar kimi. Yer süd kimi dümağ, üfüqlər açıq, hava durğun idi. Mir Cəlal;
2) aydın, təmiz.
Gecə süd kimi aydın idi, ağaclar hərəkətsiz dayanmışdı.
Süd kimi aydınlıq bir gecə idi.
Süd qardaşı (bacısı) – bir vaxtda bir ananın südünü əmən uşaqlardan hər biri.
Məzkur abxazlının süd qardaşı qabardalı Səfər bəy ona qonaq olur.
Südüm halal olsun! – ananın öz övladının hərəkətindən məmnunluğunu bildirən ifadə.
[Səlma:] Südüm halal olsun, oğul! Qanpolad!
Anasının südü halal olsun! – yaxşı, nəcib uşaq haqqında.
Halal süd əmmiş – bax halal.
[Kərbəlayı:] Doğrudan, arvad, bir halal süd əmmişini tapsa idin, yaxşı olardı.