Səlimə Mehdiyeva
Səlimə İbrahim qızı Mehdiyeva — fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun Qeyri-kristallik yarımkeçiricilərin fizikası laboratoriyasının rəhbəri, professor (1993), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2017).
== Həyatı ==
Səlimə İbrahim qızı Mehdiyeva 1941-ci ildə Naxçıvanda anadan olmuşdur. 1963-cü ildə BDU-nun fizika fakultəsini bitirdikdən sonra Az. MEA Fizika İnstitutunun aspiranturasına daxil olmuş, 1967-ci ildə Vilnus Dövlət Universitetində fizika və texnika baxımından çox maraqlı material olan selen yarımkeçiricisinin tətqiqi ilə bağlı namizədlik dissertasiyasını müdafiə etmişdir.
1988-ci ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini, 1993-cü ildə isə professor elmi adını almışdır.
1969-1978-ci illərdə Fizika İnstitutunda elmi katib, 1976-cı ildən isə həm də laboratoriya rəhbəri kimi fəaliyyət göstərmişdir.
1995-2002-ci illərdə Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini olmuş, hazırda “qeyri-kristallik yarımkeçiricilərin fizikası” laboratoriyasının rəhbəridir.
Elmi məqalələrin sayı - 224
Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı - 61
Xaricdə çıxmış elmi əsərlərinin sayı - 127
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı - 14
Kadr hazırlığı- 13 fəlsəfə doktoru, 1 elmlər doktoru
== Əsas elmi nailiyyətləri ==
İlk dəfə selendə köçürmə hadisələrinin, tarazlıqda olmayan müxtəlif elektron proseslərinin mexanizmləri, keçiricilik tipinin mənşəi, amorf, kristal, maya selenin elektrik, optik, istilik və mexaniki xassələrinə xarici faktorların təsir mexanizmləri müəyyənləşdirilmişdir. Selenin xassələrindəki anomallıqların səbəbinin onda olan oksigenin miqdarı və vəziyyəti ilə bağlı olduğu aşkar edilərək, seleni oksigendən təmizləmək üçün xüsusi qurğu təklif edilmişdir.
Alınan nəticələr selenin xassələrini məqsədyönlü dəyişmək yollarının müəyyənləşdirilməsi və cihazların parametrlərinin yaxşılaşdırılması istiqamətində təkliflər verməyə imkan yaratmış və keçmiş ittifaqda yeni yüksək səmərəli selen cihazlarının hazırlanması üzrə xüsusi istehsal sahəsi də yaradılmışdı.