Sərvər Qəniyev
Sərvər Soltan oğlu Qəniyev (5 avqust 1937, Bakı – 5 sentyabr 2010, Ankara) — Azərbaycan skripkaçısı və dirijoru, "Şöhrət" ordeni laureatı, Prezident təqaüdçüsü, Azərbaycan SSR xalq artisti (1982).
== Həyatı ==
Sərvər Qəniyev 1937-ci il avqustun 5-də Bakı şəhərində anadan olmuşdur. O, ilk musiqi təhsilini Azərbaycan Konservatoriyasının nəzdindəki musiqi məktəbində skripka aləti üzrə almışdır. Hələ gənc ikən Sərvər Qəniyev Niyazinin rəhbərlik etdiyi Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri ilə birlikdə çıxış edərək, musiqi ictimaiyyətinin rəğbətini qazanmışdır. Azərbaycan Dövlət Konservatoriyasına daxil olan musiqiçi ikinci kursdan etibarən peşəkar musiqi təhsilini Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasında davam etdirmişdir. 1960-cı ildə konservatoriyanı bitirdikdən sonra o, həmin ali təhsil ocağının aspiranturasında öz peşə kamilliyini artırmışdır.
== Yaradıcılığı ==
1963-cü ildə Bakıya qayıdan musiqiçi Azərbaycan Dövlət Konservatoriyasında müəllim və Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi çalışmağa başlamışdır. 1965-ci ildə Sərvər Qəniyevin təşəbbüsü ilə konservatoriyanın nəzdində simli kvartet yaradılmış və 1979-cu ildən bu kvartet filarmoniyanın nəzdində uğurla fəaliyyət göstərmişdir.
Sərvər Qəniyev 1971-1979- cu illərdə Qahirə konservatoriyasında simli alətlər kafedrasının müdiri vəzifəsində işləmiş və eyni zamanda Qahirə simfonik orkestri ilə müxtəlif Avropa ölkələrində qastrol səfərlərində olmuşdur. Onun Misirdə yetişdirdiyi tələbələr bu ölkənin müxtəlif musiqi kollektivlərində müvəffəqiyyətlə çalışırlar.