Hərbi Elmi-Tədqiqat İnstitutu
Hərbi Elmi-Tədqiqat İnstitutu — Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən, əlavə təhsil proqramlarını, ali təhsilin magistratura və adyunktura səviyyələrində kadr hazırlığını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi-elmi tədqiqatlar aparan xüsusi təyinatlı ali təhsil müəssisəsidir.
== Haqqında ==
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadr hazırlığı prosesinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 5 mart 2022-ci il tarixli, 1626 nömrəli fərmanı ilə Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutu yaradılmışdır. Hərbi Elmi Tədqiqat İnstitutu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının hüquqi varisidir. Azərbaycan Ordusunda elmi fəaliyyət elmi biliklərin əldə edilməsinə, tətbiqinə və təbliğinə yönəlmiş proses olaraq hərb elminin inkişafı və onun nəticələrinin ölkənin müdafiə qüdrətinin yüksəldilməsi məqsədilə aparılan məqsədyönlü yaradıcılıq və təşkilatçılıq işidir. Elmi fəaliyyət Azərbaycan Ordusunun geniş funksiyası ilə əlaqəli məsələləri əhatə edir, ölkənin suverenliyi və ərazi bütövlüyünü təmin etmək məqsədilə ordu və hərbi təhlükəsizliyin müxtəlif hərbi-siyasi, taktiki-strateji, maddi-texniki, sosial, mənəvi-psixoloji, həmçinin hərbi təhsil və elm sisteminin problemlərinin öyrənilməsini təmin edir.
Elmi fəaliyyətin məqsədi hərb elminin aktual problemləri üzrə elmi tədqiqatların aparılması, onun nəticələrinin ordu quruculuğunun təkmilləşdirilməsi və ölkənin müdafiə qüdrətinin yüksəldilməsində effektiv tətbiqi, həmçinin hərbi kadrlara hərbi-elmi biliklərin verilməsi, onların praktiki fəaliyyətində istənilən məsələnin həllinə elmi yanaşma bacarıqlarının formalaşdırılması, tapşırıqların yüksək elmi səviyyədə yerinə yetirilməsini təmin etməkdir.
Hərbi Elmi Tədqiqat İnstitutunun fəaliyyətinin məqsədi Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün ali təhsilin magistratura və adyunktura səviyyələri üzrə yüksəkixtisaslı mütəxəssislər, elmi və elmi-pedaqoji kadrlar hazırlanmasını, dövlət orqanlarının vəzifəli şəxslərinə hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrədilməsini, hərbi elmlər sahəsində elmi tədqiqat işlərinin aparılmasını və əlavə təhsil üzrə kadr hazırlığını həyata
keçirməkdir.
Yüksəkixtisaslı kadrların hazırlanması elmi, elmi-pedaqoji, elmi-texniki və intellektual potensialın artırılmasına, elmi yaradıcılığın inkişafına və elmi biliklərin yayılmasının təmin edilməsinə xidmət edir. Yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi olan adyunkturada fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi verilməklə həyata keçirir. Təhsil qiyabi forma üzrə, həmçinin dissertantlıq yolu ilə də reallaşdırır.