TƏHVİL
TƏXRİBAT
OBASTAN VİKİ
Təxəyyül
Təxəyyül — insanın qavrayışı və hafizəsi ilə bağlı təsəvvürlərin yenidən işlənməsi, yeni qaydada birləşdirilməsi əsasında yeni surətlərin yaradılmasından ibarət olan psixi prosesə deyilir. Təxəyyül ali psixi funksiyalardan biri kimi diqqəti cəlb edir. İnsan təlim və əmək fəaliyyətində təkcə öz yaddaşına əsaslanmır. O, öz fəaliyyətinə yaradıcı şəkildə yanaşır, yaddaşında olan təsəvvürləri dəyişdirir, yeni qaydada birləşdirir, yeni surətlər yaradır və fəaliyyət göstərir. Yeninin yaradılması ilk əvvəl ideal şəkildə, fikirdə həyata keçirilir və sonra maddi, əməli şəkildə reallaşdırılır. İnsanın öz təsəvvürlərinin ideal şəkildə fikirdə birləşdirilməsi, dəyişdirilməsi və bu əsasda yeni surətlərin yaradılması təxəyyül prosesidir. Təxəyyülün köməyi ilə insan nəyi isə yaradır, özünün fəaliyyətini planlaşdırır və onu idarə edir. Demək olar ki, bəşəriyyətin yaratdığı maddi və mənəvi dəyərlər insan təxəyyülünün məhsuludur. Təxəyyül insanı hal-hazırdakı vəziyyətdən kənara çıxarır, ona keçmişi daha əyani şəkildə görməyə kömək edir, onu gələcəyə aparır. İnsan öz təxəyyül fəaliyyətinin vasitəsilə ayrı - ayrı orqan¬larının fəaliyyətinə təsir edə bilir.
Bədii təxəyyül
Bədii təxəyyül – yaşanmış duyğu, hiss və qavrayışların, təsəvvür və təəssüratların xəyalda canlandırılması və yenidən yaşanması əsasında bədii obrazlar yaratmaq prosesi və onun nəticəsi. B.t. yaradıcılıq prosesinin bütün mərhələləri (gerçəkliyin qavranılması, mövzu və ideya, məzmun və forma, xarakter və obrazlar, əsər üzərində iş və s.) üçün səciyyəvidir. B.t. sənətkarın fərdi-psixoloji tipindən, estetik zövqündən, şəxsi və ictimai təcrübəsindən, dünyagörüşü və yaradıcılıq metodundan, bilik və intuisiyasından asılıdır. Belə ki, romantik sənətkarla realist sənətkarın B.t-ü bir-birindən fərqlənir: M.Ə. Sabir və C. Məmmədquluzadənin B.t.-ü H. Cavid və M.Hadi təxəyülündən seçilir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011.

Digər lüğətlərdə