TAR I is. [ ər. ] mus. Azərbaycan simli musiqi aləti. Dostumun əlində bir sızlayan tar; Səpirdi ətrafa şəffaf dalğalar (M.Müşfiq).
TAR II is. Toyuqların üstündə yatdığı ağac. Bir qış axşamıydı, qapıda soyuq; Qalxdı tar üstünə bizim çil toyuq (S.Vurğun).
TAR III is. Qar yığımı, topası. Dərələrin boğazında işıldayan xarlanmış qar tarları ətrafa sərinlik yayırdı (C.Bərgüşad).
TAR IV is. [ fars. ] Qaranlıq. Hava tar, yer dar, bimar zar; Sızıldardı ney tək leylü nahar (M.Ə.Möcüz).
TAR V is. Arabanın yan tərəflərində olan paralel üfüqi ağac. Su əvvəlcə təkərin topunu, sonra da cağları batırıb tara çıxanda təkərlərin qıcırtısı da kəsildi (İ.Şıxlı).