Teymurçin Əfəndiyev
Timuçin İlyas oğlu Əfəndiyev (17 iyul 1945, Bakı) — ədəbiyyatşünas və sənətşünas, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (1987–2014), Bakı Xoreoqrafiya Akademiyasının (2014–2021) sabiq rektoru.
Timuçin Əfəndiyev 1945-ci il iyulun 17-də Bakı şəhərində görkəmli Azərbaycan yazıçısı və dramaturqu, Xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində anadan olmuşdur. 1963-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuşdur. 1968-ci ildə universiteti bitirdikdən sonra Timuçin Əfəndiyev Respublika Gənclər Təşkilatında çalışmışdır. O, 1969-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasına qəbul olunmuş, 1972-ci ildə aspiranturanı bitirərək "Hüseyn Cavidin yaradıcılığı" mövzusunda dissertasiya müdafiə etmiş və filologiya elmləri namizədi elmi dərtəcəsi almışdır. 1972–1977-ci illərdə Timuçin Əfəndiyev Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi, 1977–1978-ci illərdə elmi katib vəzifələrində çalışmışdır. 1989-cu ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə "sənətşünaslıq" üzrə professor elmi adına, 1999-cu ildə isə "Romantik dramaturgiyada tarixilik və bədiilik" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Timuçin Əfəndiyev 1977–2014-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində işləyib. O, burada əvvəlcə baş müəllim, sonra dosent, 1987-ci ildən isə professor vəzifələrində əmək fəaliyyəti göstərmişdir. Timuçin Əfəndiyev 1978–1987-ci illərdə Teatr və təsviri sənət üzrə birləşmiş fakültələrin dekanı, 1987–2014-cü illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsində çalışmışdır.