Tutmac
Şamaxı, Quba dialektlərində və Göyçay şivəsində bu söz “xəmir, əvəlik və lobyadan bişirilən xörək” mənasında işlənir: -Tutmacın xəmirin yoğurdun (Şamaxı); -Anam tutmac bişirədi (Quba);-Gedək bizə tutmac yeyək (Göyçay).(1, 391)
Bu sözün əsasında “tut” feili dayanır. Morfologiyaya aid dərs vəsaitlərində “-mac” şəkilçisinin “-ma” və “c” komponentlərindən ibarət olduğu göstərilir və qeyd edilir ki, “-c” şəkilçisi isimdüzəldən –ma, - mə şəkilçisindən sonra da işlənə bilir və bu hallar xörək adlarında daha çox müşahidə olunur: qırmac, döyməc və s. Tutmacı türklərin ən məşhur yeməyi kimi təsvir edən Kaşğari onu İskəndərin icad etdiyini yazmışdır. Ehtimal ki, bu bizim sevə-sevə yediyimiz xəngəldir. Ancaq bu tutmac indiki kimi romb və üçbucaq şəklində deyil, bir az uzun (barmaq boyda) kəsilirdi. “Bir çöp tutmac” bunu göstərmiş olmalıdır. Tutmacın qatıq (qurut) və sirkə ilə yeyilməsi, çox kalorili olması, gec həzm edilməsi, adamı uzun müddət tox saxlaması və yanağını qızartması onun məhz xəngəl olduğunu göstərir. Ancaq “Divan”da tutmacın suyunun da içildiyi barədə qeyd var. Bunun izahı belə ola bilər: indi aş bişirilərkən düyü süzüldükdən sonra onun suyu soyuqdəyməyə qarşı təsirli vasitə kimi istifadə olunur. Demək, tutmacın süzülən suyu da atılmır, yeməyin üstündən içilirdi (8, 504)