AMEA Mərkəzi Elmi Kitabxana
AMEA Mərkəzi Elmi Kitabxana və ya qısaca: AMEA MEK — Azərbaycanda milli və dünya əhəmiyyətli elmi nəşrlərin zəngin fondlarına malik olan universal təmayüllü, aparıcı elmi kitabxana.
Mərkəzi Elmi Kitabxana Azərbaycanın qədim tarixi və zəngin mədəniyyəti, Azərbaycan Respublikasının müstəqillik illərində qazanılmış siyasi, iqtisadi, sosial və mədəni nailiyyətləri, Azərbaycan dilinin informasiya resurslarında istifadə imkanlarının genişləndirilməsi, müasir elmi araşdırmaların aparılması üçün informasiya təminatının yaxşılaşdırılmasını, milli-tarixi irsimizi təşkil edən və yeni yaranan bütün növ mövcud informasiya vahidlərinin toplanıb saxlanılmasını, dünya elmi, tarixi və mədəniyyətini təbliğ edir. MEK, mərkəzi Azərbaycan Milli Elmlər Akademiyası tərkibində informasiya resurslarını mərkəzləşdirən və əlaqələndirən müasir kitabxana – informasiya sistemi kimi fəaliyyət göstərir. MEK əsas prioritet fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2008-ci il tarixli 3072 №-li Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana – informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli 429 №-li Fərmanı və “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014 – 2020-ci illər üçün Milli Strategiya”dan irəli gələn vəzifə və öhdəliklər ilə uyğunlaşır.
Kitabxananın direktoru texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynovdur.
== Tarixi ==
Mərkəzi Elmi Kitabxana 1923-cü ildə Azərbaycanın görkəmli ziyalıları Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Tağı Şahbazi, Hənəfi Zeynallı və başqalarının təşəbbüsü və yaxından köməyi ilə "Azərbaycanı Tədqiq və Tətöbbö Cəmiyyəti"nin nəzdində Biblioqrafik büro kimi fəaliyyətə başlayıb. Görkəmli ədəbiyyatşünas-biblioqraf, professor Aleksandr Vasilyeviç Baqrinin rəhbərliyi ilə təsis edilmiş "Biblioqrafiya bürosu" (1923) MEK-in təşəkkülü üçün ilkin baza olmuşdur. Azərbaycanda kitabxanaşünaslıq elminin inkişafında böyük rol oynamış professor Abuzər Xələfov "Azərbaycanda kitabxana işinin tarixi" adlı dərsliyinin II hissəsində bu faktı belə xarakterizə edir:
1923-cü ilin noyabr ayında "Azərbaycanı Tədqiq və Tətöbbö Cəmiyyəti"nin keçirtdiyi iclasda kitabxananın yaradılması haqqında qərar qəbul edilir və həmin vaxtdan Cəmiyyətin nəzdində Elmi Kitabxana fəaliyyətə başlayır. Bu zaman kitabxananın fondunu 430 nüsxə kitab, 1200 nüsxə qiymətli əlyazmalar təşkil edirdi. 1925-ci ilin avqust ayında "Azərbaycanı Tədqiq və Tətöbbö Cəmiyyəti"nin Mərkəzi Şurasının iclasında Cəmiyyətin Elmi Kitabxanası ilə Biblioqrafiya bürosunun işində paralelizmi aradan qaldırmaq və kitabxanada olan materialın biblioqrafiyalaşdırılması məqsədilə büro ilə kitabxana birləşdirilərək Kitabxana-Biblioqrafiya bürosu təsis edilir.