Top oyunları üçün zal (Praqa)
Top oyunları üçün zal və ya Miçovna (çex. Míčovna) – İntibah dövrünə aid tikili; Praqa qəsrinin yaxınlığındakı Kral bağında yerləşir. "Miçovna" - çox vaxt haqqsız yerə turistlərin diqqətindən məhrum qalan və mürəkkəb tarixi olan çox maraqlı memarlıq abidəsidir. Bütün qəsr və qala kompleksi ilə birlikdə, Miçovna Çex Respublikasının Milli mədəniyyət abidəsi kimi 1962-ci ildən mühafizə olunur
Top oyunları üçün zal (Miçovna) XVI-XVII əsrlərdə morav və alman zadəganları arasında populyarlıq qazanmışdı. O dövrdə Avropada açıq havada idman əyləncələrinə bir moda yaranmışdı. Demək olar ki, hər bir saray kompleksləri bu cür tədbirlərin keçirilməsi üçün xüsusi köşklərlə təchiz olunmuşdu. Praqa qəsrinə daxil olan Kral sarayında yerləşən Miçovna 1568–1569-cu illərdə imperator II Maksimilianın əmri ilə məşhur saray memarı Bonifatsiy Volmut tərəfindən inşa edilmişdi. Binanın yerləşəcəyi ərazi hökmdarın istəklərinə uyğun olaraq seçilmişdi - məhz binanın olduğu ərazidən Maral xəndəyinə çox gözəl mənzərə açılır.
Kral Top oyunları üçün zalın pavilyonu 14 metr hündürlüyü ilə düzbucaqlı quruluşu və günbəzi olan bir tikilidir. Pavilyondakı zalın uzunluğu 68 metrdir.