İbrahim bəy Heydərov

İbrahim bəy Heydərov (ləzg. Ибрагьим бек Гайдаров; tam adı: İbrahim İsa bəy oğlu Heydərov; 3 (15) avqust 1879 və ya 17 oktyabr 1879, Dərbənd, Dağıstan vilayəti20 mart 1949, Ankara) — zadəgan, millətçi fəal və Şimali Qafqaz ziyalılarından biri. Bakı şəhər idarəsinin üzvü, idarənin təsərrüfat şöbəsinin müdiri. 1918–1919-cu illərdə Şimali Qafqaz Dağlıq Respublikasında Nəqliyyat, Poçt və Teleqraf naziri vəzifəsində çalışmışdır. Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər nazirinin müavini, Azərbaycan Xalq Cümhuriyyəti Yollar naziri.

İbrahim bəy Heydərov
bayraq
Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər nazirinin müavini
bayraq2
6 yanvar 1920 – 10 mart 1920
SonrakıŞəfi bəy Rüstəmbəyli
bayraq
Azərbaycan Xalq Cümhuriyyəti Yollar naziri
bayraq2
15 dekabr 1918 – 25 mart 1919
Şəxsi məlumatlar
Doğum tarixi 3 (15) avqust 1879 və ya 17 oktyabr 1879(1879-10-17)
Doğum yeri
Vəfat tarixi 20 mart 1949(1949-03-20) (69 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
  • Sankt-Peterburq Dövlət Nəqliyyat Universiteti[d]
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı Nisə xanım Cahangir bəy qızı Ərəblinskaya (1900-1943)[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İbrahim bəy İsa bəy oğlu Heydərov 3 avqust 1879-da ən qədim şəhər olan Dərbənddə zadəgan ləzgi[2] ailəsində anadan olmuşdur. O, əla təhsil almış – 1897-ci ildə Teymurxanşura real məktəbini, 1907-ci ildə o zamanlar üçün çox nüfuzlu sayılan Sankt-Peterburq Yol Mühəndisləri İnstitutunu bitirib. Ali təhsilini başa vurduqdan sonra İbrahim bəy Azərbaycana üz tutmuş, Bakıda müxtəlif sahələrdə yol mühəndisi işləmişdir. 1907-ci ildə onu Bakıda "Nəşri-maarif" cəmiyyəti idarə heyətinə daxil olmuşdur. 1907–1912-ci illərdə 28 yaşlı İ.b. Heydərov nüfuzlu bir şəxs kimi Rusiya 3-cü Dövlət Dumasına Dağıstan vilayəti və Zaqatala dairəsindən deputat seçilərək Peterburqa yola düşmüşdür.

Atası İsa bəy Minətulla bəy oğlu Heydərov Hacər Əcvəd xanım ilə ailə qurmuş, bu evlilikdən onun İbrahim bəy, Ömər bəy və Osman bəy adlı 3 oğlu və 2 qız olmuşdur. Ali təhsilli mühəndis olan qardaşı Ömər bəy 1915-də Sankt-Peterburqda I Nikolay adına Mülki Mühəndislər İnstitutunu bitirmişdir. Digər qardaşı Osman bəy Heydərov 1909-un oktyabrında Universitetin hüquq fakültəsinə kənar dinləyici kimi girmiş, 1912-nin sentyabrında hüquq fakültəsinin tələbələri sırasına daxil edilmişdir. İbrahim bəy 1915-ci ildə Balakişi bəy Ərəblinskinin oğlu Cahangir bəyin qızı Nisə xanım Ərəblinskaya ilə ailə həyatı qurmuş, Fatma adlı qızı olmuşdur. Fatma xanım və onun qızı Mina xanım hal-hazırda Türkiyədə yaşayır.

1913-cü ildə Bakı Şəhər İdarəsinin üzvü seçilmiş İbrahim bəy elə həmin ildə də 1913-cü ildə A. Babayevlə birlikdə "Dəyanət" neft-sənaye cəmiyyətini təşkil etmişdir. 1914-cü ilin yanvarında "Səfa" xeyriyyə cəmiyyəti idarə heyətinin üzvü, 1916-cı ilin martında isə "Nicat" cəmiyyətinin sədr müavini seçilmişdir. Heydərov Fevral inqilabından sonra müsəlman ziyalılarının 1917-ci il martın 16-da Bakıda keçirilən iclasına sədrlik etmiş, 1917-ci il 15–20 aprel Qafqaz müsəlmanları qurultayı rəyasət heyətinin üzvü seçilmişdi. 1917-ci ildə Xüsusi Zaqafqaziya Komitəsi Heydərovu Dağıstan vilayətində Müvəqqəti hökumətin komissarı təyin etmiş, lakin Dağıstan İcraiyyə Komitəsinin sosialist üzvləri, sosial-demokrat olmasına baxmayaraq, onun namizədliyinə qəti etiraz etmişdilər. Xüsusi Zaqafqaziya Komitəsi güzəştə gedərək, Dağıstanda idarəçiliyi həyata keçirmək üçün Heydərovun da daxil olduğu üç nəfərdən ibarət xüsusi heyət yaratmışdı. Bir çox dağlı liderləri, ictimai xadimləri kimi Heydərov da Bakı mühitində yetişmiş, Şimali Qafqaz dağlılarının azadlıq hərəkatına rəhbərlik etmişdir. 1917-ci il Fevral inqilabından sonra vətənə dönmüş, azadlıq hərəkatını təşkilatlandırmaq istiqamətində iş aparmışdır. Heydərov türk dilinin təhsil dilinə çevrilməsi ideyasını dəstəkləmiş, hətta 1917-ci il iyunun 15-də Temirxan-Şurada müəllimlər üçün türk dili kursları açanlardan biri olmuşdur. Heydərov Dağıstan Müsəlman Milli Komitəsinin üzvü idi. Komitənin siyahısı ilə Rusiya Müəssislər məclisinə seçilmişdi. İbrahim Heydərov Zaqafqaziya seymində sosialist blokunun üzvü, 1918-ci il aprelin 26-da yaradılmış Zaqafqaziya Demokratik Federativ Respublikası hökumətində dövlət nəzarəti naziri idi. Seymin nümayəndə heyətinin tərkibində Trabzon konfransında iştirak etmişdir. Bakıda türk-müsəlman əhalisinə qarşı daşnak-bolşevik qüvvələri tərəfindən törədilmiş soyqırm ilə bağlı 1918-ci il aprelin 20-də Heydərov Zaqafqaziya seyminin adından Bakı Soveti ilə danışıqlara göndərilmiş, Bakıya çatan kimi bolşeviklər tərəfindən həbs olunmuşdu. Bununla əlaqədar olaraq, Zaqafqaziya seyminin üzvü Camo bəy Hacınski Heydərovun azad edilməsi üçün təcili tədbirlər görməyi təklif etmişdi. Bir müddət Bakı Xalq Komissarları Sovetində quberniya komissarı vəzifəsində işləmişdir, bu vəzifədən "Hümmət" təşkilatının təklifi ilə kənar edilmişdir. Heydərov Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikası hökumətinin səlahiyyətli nümayəndəsi kimi, 1918-ci il noyabrın 28-də Azərbaycan Xalq Cümhuriyyəti ilə Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikası arasında müqaviləni imzalayanlardan biri olmuşdur. Dağlılar Respublikası hökumətinin 1918-ci il dekabrın 19-da təşkil olunan yeni tərkibində yollar və poçt-teleqraf naziri təyin olunmuşdur. Hökumət tərəfindən Avropa dövlətləri ilə danışıqlara göndərilən yeni nümayəndə heyətinə daxil edilmişdir. Denikin qoşunlarının müdaxiləsi nəticəsində Dağlılar Respublikası hökumətinin buraxılması ilə və sabiq hökumət üzvlərinə qarşı təqiblərlə əlaqədar Bakıya qayıtmış, Azərbaycanın ictimai-siyasi həyatında, xeyriyyə konsertlərinin, teatr tamaşalarının, o cümlədən Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun" operasının, Ağa Əminovla birlikdə "Azərbaycan gecələrinin" təşkilində fəal iştirak etmişdir.[3]

1920-ci ilin yazında Qızıl Ordu işğalından sonra gəldiyi Bakıda aldadılaraq həbs edilir. Azərbaycan bolşeviklərinin lideri və köhnə dostu Nəriman Nərimanov sayəsində qaça bildi və Tblisiyə yollandı. Qızıl Ordunun Gürcüstanı işğal etməsindən sonra ailəsiylə birlikdə Fransaya mühacirət etdi.

  1. "Peterburqda oxumuş tələbələrimiz". 22 January 2019 tarixində arxivləşdirilib.
  2. Члены Государственной думы. 3-й созыв : (портреты и биографии) : Третий созыв, 1907–1912 г. (rus) (6-е изд.). Москва: Тип. Т-ва И. Д. Сытина. 1913. 421. 2024-03-31 tarixində arxivləşdirilib.
  3. "HEYDƏROV (HEYDƏROĞLU) İBRAHIM BƏY İSA BƏY OĞLU (1879, Dərbənd – 1949, Ankara)". 5 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011 18 iyun.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]