İnklüziv inkişaf — iqtisadi inkişaf dövründə iqtisadi proseslərin iştirakçılarına cəmiyyətin hər bir sahəsi üçün faydaları olan bərabər imkanlar təmin edən konsepsiyadır.[1][2][3] Bu konsepsiya iqtisadi inkişafın ənənəvi modellərini genişləndirir, səhiyyə sahəsində bərabərliyə, insan kapitalına, ətraf mühitin keyfiyyətinə, sosial müdafiəyə və ərzaq təhlükəsizliyinə xüsusi diqqət yetirir.[4]
İnklüziv inkişaf iqtisadiyyatın makroiqtisadi və mikroiqtisadi determinantları və iqtisadi inkişaf arasında birbaşa əlaqələri nəzərə alır. Mikroiqtisadi aspekt iqtisadi diversifikasiya və rəqabət üçün struktur dəyişikliklərin vacibliyini əks etdirirsə, makroiqtisadi aspekt ümumi milli məhsul və ya ümumi daxili məhsul (ÜDM), ümumi faktor məhsuldarlığı (ÜFM) və istehsal faktorları kimi iqtisadi göstəricilərdəki dəyişikliklərə əsaslanır.[5]