Şəki "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzi — Azərbaycanın Şəki şəhərində yerləşən Qafqazda ilk Keramika Mərkəzi. Mərkəzin binası həm də 1867-ci ildə tikilmiş tarix-memarlıq abidəsidir.[1] Şəki şəhərinin Avropa Keramika marşrutuna daxil edilməsində mərkəzin xüsusi rolu olmuşdur.[2]
Şəki "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzi | |
---|---|
Ölkə | |
Yerləşir | Şəki |
Tikilmə tarixi | 1867 |
Vəziyyəti | Yenidən bərpa edilib (2018) |
"Yuxarı Baş" Dövlət Tarix-Memarlıq qoruğu Şəki şəhərinin qədim tarixi hissəsində yerləşir. Qoruğun UNESCO-nun mədəni irs siyahısına salınması yönündə dövlət tərəfindən müvafiq işlər həyata keçirilir. Şəki Keramika və Tətbiqi Sənət Mərkəzinin binası da qoruğun UNESCO-nun müvafiq siyahısına salınacaq ərazisində, Qala divarlarının içərisində yerləşən beş kazarma binasından biridir.[1]
Bina 1867-ci ildə tikilmiş tarix-memarlıq abidəsidir. O, uzun müddət kazarma kimi istifadə olunub və sonradan baxımsız və qəzalı şəraitdə qalıb. Daha sonra bina "Paşa Holdinq"in dəstəyi ilə yenidən qurulub və müasir avadanlıqlarla təchiz edilib.[1]
2018-ci il oktyabr 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəkiyə səfərləri çərçivəsində "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzinin açılışında iştirak ediblər.[1]
Mərkəzin məqsədi Azərbaycanın tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi, həmçinin müxtəlif çeşidli Azərbaycan gilinin dünyada tanıdılmasıdır. Müəssisədə keramika sənətindən əlavə, xalçaçılıq və digər sənətkarlıq sahələri üzrə təlimlər keçirilir.[3]
O, bir neçə beynəlxalq tədbirlərə, o cümlədən Beynəlxalq Keramika Simpoziumuna ev sahibliyi edib.[4][5] Şəki şəhərinin Avropa Keramika marşrutuna daxil edilməsində mərkəzin xüsusi rolu olmuşdur.[6][7]
ABAD Keramika və Tətbiqi Sənət Mərkəzinin birinci mərtəbəsində "Art Hotel by ABAD Guest" butik hoteli fəaliyyət göstərir. Otel şərq üslubunda dizayn edilmişdir.[8] 20 nəfərə qədər qonağın yerləşə biləcəyi 8 otaqdan ibarətdir.