Ənvər Əlibəyov

Əlibəyli Ənvər Əliverdi oğlu — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1939), tərcüməçi, ictimai xadim.[1][2]

Ənvər Əlibəyli
Ənvər Əliverdi oğlu Əlibəyli
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (52 yaşında)
Uşaqları Şəfəq Əlibəyli
Şəlalə Əlibəyli
Şahin Əlibəyli
Fəaliyyəti şair
Vikimənbənin loqosu Ənvər Əlibəyli Vikimənbədə

Ənvər Əlibəyli 1 aprel 1916-cı ildə Bakı şəhərində anadan olmuşdur.[3] O, ali təhsilini əvvəl Tibb Texnikumunda, sonra ADU-nun Fəhlə fakültəsində, daha sonra isə ADPU-nUn Filologiya fakültəsində almışdır. 1939-cu ildən İkinci Dünya müharibəsi başlayana qədər Azərbaycan radiosunda çalışmışdır. Tiflisdə Topçular hərbi məktəbini bitirib, leytenant rütbəsi ilə könüllü olaraq ön cəbhəyə getmişdir.[1][2]

İkinci Dünya Müharibəsinin ilk günlərindən ordu sıralarında olan Ənvər Əlibəyli artilleriya batareyasının komandiri olmuş, 416-cı Taqanroq atıcı diviziyasında ağır döyüş yolu keçmişdir. Qafqaz və Ukraynanın azad olunmasında fəal iştirak edən Ənvər Əlibəyli 1944-cü ildə ağır yaralanmışdır. O, daha sonra döyüşdə iştirakını yazıçı-jurnalist kimi davam etdirmişdir.[1][2][4]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Döyüşlərin birində ağır yaralanaraq Bakıya qayıdan Ənvər Əlibəyli bir müddət "Vətən uğrunda" jurnalında məsul katib kimi çalışmış, Azərbaycan KP MK-da təlimatçı kimi fəaliyyət göstərmişdir. 40-cı illərin sonlarında "İnqilab və mədəniyyət", "Təbliğatçı" jurnallarının məsul katibi olan Ənvər Əlibəyli 1948–1952-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının orqanı "Ədəbiyyat qəzetinin" redaktoru vəzifəsini icra etmişdir. 1965-ci ildən ömrünün sonunadək Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin sədri vəzifələrində çalışmışdır. SSRİ Ali Sovetinin deputatı (7-ci çağırış) olmuşdur.[1][2][5]

1939-cu ildən Sovet Yazıçılar İttifaqının üzvü olan Ənvər Əlibəylinin şeir və poemaları rus dilinə, keçmiş SSRİ xalqlarının dillərinə tərcümə edilmişdir. Onun "Qaranquş" adlı ilk şeirlər kitabı 1947-ci ildə işıq üzü görür. Sonrakı illərdə xeyli kitabı nəşr olunur: "Sənin adınla", "İlk məhəbbət", "Dostluq körpüsü", "Mingəçevir şeirləri", "Dalğalar arasında", "Elə xoşbəxtəm ki!", "Nəğmələr", "Bir kitab şeir", "Ürəyimdəsən" və s.[1][2][6][7]

"Ədəbiyyat" (1964) novella-pyesinin müəllifi olan Ənvər Əlibəylinin "Seçilmiş əsərləri" 1975-ci ildə işıq üzü görmüşdür. Rus dilində 1958-ci ildə nəşr olunmuş "За островом Артёма" kitabına müəllif seçmə şeirlərini toplamışdır.[5] PuşkinNekrasovdan tərcümələri vardır.

Ənvər Əlibəyli həm də bir neçə poemanın müəllifidir. "Samur dastanı" poeması Samur çayının suyunu çəkən inşaatçıların əməyindən bəhs edir. Əsərdə lirizm ilə epos maraqlı şəkildə bir-birinə qovuşur. "Bacı", "Gözlər, ürəklər, əməllər" poemaları 1941–1945-ci illərin hadisələrindən, "Dalğalar arasında" poeması isə dəniz neftçilərinin şücaətindən, "Polad", "Dostluq körpüsü" yaxın keçmişin hadisələrindən bəhs edir.[1][2]

Azərbaycanım!

Özün kimi vüqarlıdır uca dağların,
Hüsnünə bir yaraşıqdır yaşıl bağların,
Bizimlə bir başlamışdır gözəl çağların,
"Yurdum, yuvan, məskənimsən", Azərbaycanım,
Al bayraqlı vətənimsən, Azərbaycanım


El bilir ki, tükənməyən sərvətin vardır.
Sinən üstə ağ pambıqlı göy tarlalardır,
Buruqların dənizdə də qatar-qatardır,
"Yurdum, yuvan, məskənimsən",Azərbaycanım,
Al bayraqlı vətənimsən, Azərbaycanım!

 
Sənə şirin arzum deyim, diləyim deyim,
Havam deyim, suyum deyim, çörəyim deyim,
İkiyə parçalanmış ürəyim deyim,
"Yurdum, yuvan, məskənimsən", Azərbaycanım,
Al bayraqlı vətənimsən, Azərbaycanım!

Ənvər Əlibəyli 7 may 1968-ci ildə Bakıda vəfat etmiş və Fəxri xiyabanda dəfn olunmuşdur.[1][2]

  • Qaranquş (1947)
  • Sənin adınla (1950)
  • İlk məhəbbət (1956)
  • Elə xoşbəxtəm ki… (1964)
  • Gözlər, ürəklər, əməllər (1966)
  • Nəğmələr (1968)
  • Dostluq körpüsü
  • İlan və qurbağa
  1. Bəxtiyar (film, 1955)
  2. Əzizə Cəfərzadə (film, 1999)
  3. Qara daşlar (film, 1956)
  4. Qızmar günəş altında (film, 1957)
  5. Mahnı qanadlarında (film, 1959)
  6. Zəncirlənmiş adam (film, 1964)
  • "Vətən müharibəsi" ordeni;
  • "Qırmızı ulduz" ordeni;
  • "Qafqazın müdafiəsinə görə" medalı;
  • "Almaniya üzərində qələbəyə görə" medalı;[2]
  1. 1 2 3 4 5 6 7 Savalan Fərəcov. "Şair Ənvər Əlibəylinin anadan olmasının 95 ili tamam olur" (Azərbaycan). anl.az. Archived from the original on 2016-03-05.
  2. 1 2 3 4 5 6 7 8 "Ənvər Əlibəyli" (PDF) (Azərbaycan). anl.az. (#archive_missing_date) tarixində arxivləşdirilib (PDF).
  3. İctimai TV. "Görkəmli şair Ənvər Əlibəylinin anadan olmasından 108 il ötür" (az.). Youtube.com. 01.04.2024. 2024-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-02.
  4. Mirəhmədov Ə. Azərbaycan jurnalist və naşirləri. Bakı: "Ərgünəş", 2013, 272 səh. s.66
  5. 1 2 Mirəhmədov Ə. Azərbaycan jurnalist və naşirləri. Bakı: "Ərgünəş", 2013, 272səh. s.66
  6. "Fərəcov S. "Səni tərənnüm edirəm, doğma Azərbaycanım"//Mədəniyyət.- 2011.- 1 aprel.- S. 11". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-29.
  7. Ənvər Əlibəyli. "Seçilmiş əsərlər" (PDF) (Azərbaycan). anl.az. (#archive_missing_date) tarixində arxivləşdirilib (PDF).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]