Aləmi-nisvan (krımtat. عالم نسوان) — dünyadakı ilk türk-müsəlman qadın jurnalı.[1] "Qadınlar dünyası" mənasına gəlir. Ərəb əlifbasından istifadə edərək Krım-tatar dilində 1906–1912 arasında Krımda nəşr edilmişdir. Baş redaktorluğunu İsmayıl Qaspiralının qızı və AXC-nin qurucularından olan Nəsib bəy Yusifbəylinin həyat yoldaşı olan Şəfiqə Qaspiralı (1886–1973) etmişdir.[2]
Aləmi-nisvan | |
---|---|
Təsisçi | İsmayıl Qaspiralı |
Təsis tarixi | 1906 |
Nəşrini dayandırıb | 1910 |
Ölkə | Rusiya imperiyası |
Qərargah | Bağçasaray |
Dil | Krım-tatar dili |
Vikianbarda əlaqəli mediafayllar |
Müsəlman qadın jurnalının nəşr edilməsi fikri XIX və XX əsrin önəmli Krım tatar nəşriyyatçısı və ziyalısı İsmayıl Qaspiralının həyat yoldaşı Zöhrə Akçurina-Qaspiralının təklifi ilə ortaya çıxmışdır. Qadınların bu məsələdəki istəkləri Tərcüman qəzetinin səhifələrində müxtəlif dövrlərdə gündəmə gətirildi və ayrı bir jurnal yayımlandı. Zöhrə Akçurina-Qaspiralı 1887-ci ildə Tərbiyə adlı qadın jurnalı çıxartma cəhdi etdi, daha sonra 1891-ci ildə Qaspiralı Qadın qəzetinə iki ayda bir əlavə icazəsi istədilər. Ancaq tələb rus səlahiyyətli şəxsləri tərəfindən qəbul edilmədi. Nəhayət, 1905-ci ildə inqilabdan sonra nəşriyyatın sərbəstləşdirilməsindən sonra yeni jurnal nəşr edildi.[3] Jurnalın ilkin hədəfi müsəlman qadınları maarifləndirmək idi. Oxuma-yazma bilməyənlərin qalmaması, mədəni səviyyənin yüksəldilməsi və şəriət hüququnun öyrənilməsi hədəflənirdi. Yeni nəşriyyatın rəhbərliyi üçün İsmayıl bəy qızı Şəfiqəni seçdi və redaktor-nəşriyyatçı vəzifəsini verdi. Şüar olaraq müslimələrə məxsus ədəbi və tədrisi həftəlik məcmuədir ifadəsindən istifadə edilirdi. Tərcüman qəzetində nəşr edilən elanda da deyildiyi kimi jurnalın şəriət hüququnda qadınların haqları ilə əlaqəli dini mətnlərlə yanaşı gigiyenik, ev işləri və iynə işi kimi dünyəvi məsələlərdə də yayımlar etməyə başladı. Elm və ədəbiyyat barədə də yayımlar edilirdi. Tamamən əyləncə və boş zamanlar istifadə edilə biləcək bölmələr olmasa da, əyləncəli oxu üçün müsəlman qadınlara məşhur qadınların bioqrafiyası, digər ölkələrlə əlaqəli hekayələr, elm səhifələri və məktublar təqdim edilirdi.
Jurnal "Tərcüman" qəzetinə həftəlik pulsuz əlavə olaraq nəşr edilməyə başlanmışdı. İlk sayı 3 mart 1906-cı il tarixində Baxçasaray şəhərində nəşr edildi. 1908–1909-cu illər arasındakı kəsintidən əvvəl jurnal müstəqil nəşriyyat idi. Nəşrin 1910-cu ildən etibarən təkrar başlamasından sonra mətinləri "Tərcüman" qəzetinin səhifələrinə yerləşdirildi. "Aləm-i Nisvan"ın ilk sayının dərhal ardıyca yenə İsmayıl bəy Qaspiralının rəhbərliyində Rusiyadakı türklərin ilk uşaq jurnalı olan "Aləm-i Sibyan" və bir ay sonra da yalnız 5 sayı nəşr edilə bilən "Ha Ha Ha" çıxarıldı.[4] Jurnalın son sayı 1911-ci ildə çıxarıldı.[3] Türkiyədə Haqqı Tarık Us kitabxanasındakı IV sayı istisna olmaqla, heç bir kitabxanada jurnalın hansısa nüsxəsi yoxdur. 1906-cı ilə aid 15, 35, və 36-cı sayları Parisdəki Sosial Elmlər Ali Təhsil Müəssisəsinin arxivində vardır. "Aləm-i Nisvan" bir dövr əlavəsi olaraq içində yer aldığı "Tərcüman" qəzeti kimi, çarlıq Rusiyası hakimiyyəti altında yaşayan bütün türk-müsəlman əyalətlərlə yanaşı, Osmanlı torpaqlarına, Misir, Çin, Türkistan, Hindistan və Yaponiyaya qədər yayılmışdı.
2011-ci ildə Krım Mühəndislik və Təhsil Universitetində jurnalın çıxarılışının 105-ci ildönümünə həsr edilmiş elmi konfrans təşkil edilmişdir. Modern Krım qadın jurnalı "Arzu" özünü bu jurnalın xələfi olaraq görür.