Anım Günü (追憶の日, Tsuioku no hi?) – İkinci Dünya müharibəsi zamanı ABŞ yaponlarının internasiyasının xatirəsini anma günü. Hər ilin 19 fevral tarixində ABŞ yaponları tərəfindən qeyd olunur. ABŞ prezidenti Franklin Ruzvelt 19 fevral 1942-ci ildə 9066 saylı qərarnaməni imzalamış və bu sənəd ABŞ yaponlarının internasiyası üçün hüquqi əsas olmuşdur.[1]
İlk Anım Günü 25 noyabr 1978-ci ildə Sietl şəhərinin yerli yaponəsilli sakinləri tərəfindən keçirilmişdir. Məqsəd internasiya qurbanları üçün kompensasiyanın ödənilməsi və hökumətin üzr istəməsi məsələlərində medianın diqqətini cəlb etmək və ictimai dəstəyi qazanmaq idi. Çinəsilli ABŞ aktivisti Frenk Çinin təşəbbüsü ilə təşkilatçılar Anım Gününü fevral yox, noyabr ayında keçirilməsinə qərar vermişdilər. Fren Çin film prodüseri Frenk Abe, Yaponəsilli Amerikalılar Vətəndaş Liqası üzvü Henri Miyatake və digərləri ilə əməkdaşlıq edərək Anım Gününün tədbirlərini planlaşdırılmışdır. 2000-dən çox iştirakçı Siks stadionunda görüşərək 1942-ci ildə yaponəsilli amerikalıların toplanıldığı keçmiş Harmoniya düşərgəsinə yürüyüş etmişdirlər. İştirakçılar 1942-ci ildə internasiya olunmuş şəxslərin taxdıqlarına oxşar olan sarı etiketlər taxmışdılar. Monika Sone, Qordon Hirabayaşi, Şosuke Sasaki, aktyor Pat Morita kimi şəxslər tədbirdə çıxış etmişdirlər.[1]
İştirakçılar internasiya düşərgələrindəki məhkumların hazırladıqları əl işləri və sənət əsərləri ilə tanış olmuş, şou izləmiş, tamaşada iştirak etmişdirlər. Anım Günü KİV tərəfindən geniş formada əhatə olunmuş və kompensasiya məsələsini gündəmə gətirmişdir. Bu, İkinci Dünya müharibəsindən sonra ABŞ yaponlarının bir araya gəldiyi ən böyük tədbir olmuşdur. 1978-ci ilinin sonuna qədər bir neçə Vest-Kost şəhəri də öz Anım Günlərini keçirməyi planlaşdırmışdılar.[2]
Bəzi ABŞ ştatları 19 fevral gününü rəsmi olaraq Anım Günü kimi tanımışdır. 5 fevral 2003-cü ildə Konqress üzvü Mayk Honda 56 saylı qətnaməni irəli sürərək Anım Gününü tanıyaraq ABŞ yaponlarına dəstək olmağı və İkinci Dünya müharibəsindəki internasiya hadisəsi haqqında ictimai şüuru artırmağı müdafiə etmişdir. 13 fevral 2007-ci ildə Nümayəndələr Palatası Hondanın təklifinə uyğun olaraq Milli Anım Günü üçün 122 saylı qətnaməni qəbul etmişdir.[2] 2022-ci ildə ABŞ prezidenti Con Bayden 19 fevral gününün Milli Anım Günü kimi tanındığını bildirən prezident bəyannaməsi yayımlamışdır.[3]