Elm xadimi ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Məhəmməd Behişti (23.10.1928 İsfahan - 28.6.1981 Tehran) - Ayətullah.
Seyid Məhəmməd Behişti | |
---|---|
fars. محمد حسینی بهشتی) | |
Doğum tarixi | |
Doğum yeri | İsfahan, İran |
Vəfat tarixi | (52 yaşında) |
Vəfat yeri | Tehran, İran |
Vəfat səbəbi | dron hücumu |
Dəfn yeri | |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhid Seyid Məhəmməd Behişti 1928-ci il oktyabrın 23-də İsfahanın Lumban məhəlləsində anadan olub. Atası İsfahan ruhanilərindən və imam-camaat idi. Anası isə tanınmış alim və müctəhid Ayətullah Hacı Mir Məhəmməd Sadiq Xatunabadinin qızı idi.
Seyid Məhəmməd 1942-ci ildə 14 yaşında orta təhsilini yarımçıq qoyaraq İsfahan elmi hövzəsində dini təhsil almağa başlayır. O, dini hövzəsində səkkiz ildə oxumalı olduğu dərsləri dörd ildə başa çatdıraraq, 1946-cı ildə, yəni 18 yaşında təhsilini davam etdirmək üçün Qum elmi hövzəsinə yollanır. Höccətiyyə mədrəsəsinin kiçik və sadə hücrələrinin birində məskunlaşan Seyid Məhəmməd tezliklə Şəhid Mütəhhəri və Seyid Musa Sədr kimi tələbələrlə tanış olur. O, dini dərslərin birinci mərhələsini altı ayda təkmilləşdirdikdən sonra 1947-ci ildə ali fiqh və üsul dərslərində, o cümlədən Şəhid Mütəhhəri ilə birlikdə İmam Xomeyninin fiqh və üsul dərslərində iştirak etməyə başladı. Həmçinin o, gənc tələbələrə də dərs deyirdi.
Seyid Məhəmməd orta təhsilini yarımçıq buraxıb dini dərsləri öyrənməsinə baxmayaraq dini dərslərlə yanaşı, yarımçıq qoyduğu dərsləri də davam etdirməyə başladı. Son dərəcə çalışqanlığı və dərin zəkası ilə bu iki dərsləri eyni zamanda təkmilləşdirdi. Belə ki, o, 1948-ci ildə orta məktəbi bitirib İlahiyyat institutunun fəlsəfə fakültəsinə daxil oldu. O, 1951-ci ildə institutu bitirib bakalavr diplomunu əldə etdi.
Seyid Məhəmməd institutu bitirdikdən sonra yenidən Qum dini hövzəsinə qayıdır və ali fiqh və üsul dərslərində iştirak edir. Həmçinin onun fəlsəfəyə xüsusi marağı olduğu üçün Əllamə Seyid Məhəmməd Hüseyn Təbatəbainin fəlsəfə dərslərində də iştirak edirdi. Tez bir zamanda ustadın daimi şagirdlərindən birinə çevrilən Seyid Məhəmməd Behişti Şəhid Mutəhhəri ilə birlikdə Əllamə Təbatəbainin iştirakı ilə həftədə iki dəfə səmimi və şövqlü elmi məclis təşkil edirdi ki, bu yığıncaqların nəticəsi olaraq "Fəlsəfənin əsasları və realizm metodları" adlı kitab Şəhid Mütəhhərinin şərhi ilə ərsəyə gəlmişdir. Müqəddəs Qum şəhərində beş il təhsil və tədrisdən sonra Behişti 1956-cı ildə yenidən İlahiyyat İnstitutuna daxil olur və 1959-cu ilə qədər həmin institutda doktorluq pilləsinin dərslərini oxuyur. Lakin dərslərini bitirdikdən sonra daxildə və xaricdə çoxsaylı elmi, mədəni, siyasi və təbliği fəaliyyətlər səbəbindən doktorluq dissertasiyasını müdafiə edə bilmir və bu iş bir müddət təxirə düşür. Nəhayət 1975-ci ildə doktorluq dissertasiyasını "Quranda metafizik məsələlər" mövzusunda Ustad Şəhid Mütəhhərinin elmi rəhbərliyi ilə müdafiə edir və fəlsəfə elmləri doktoru dərəcəsini alır.
O zaman ki, Qərbə bağlı olan hakimlər İranın İslam cəmiyyətini maddi bir cəmiyyətə çevirmək və zaman keçdikcə dini unutdurmaq əzmində idilər, Şəhid Behişti Qum orta məktəblərində tədrisə başladı. O, 1954-cü ildə Qumda "Din və Elm" mədrəsəsini təsis etdi ki, məktəb şagirdləri dinlə elmi iki fərqli şey bilməsin və onları birlikdə öyrənsinlər, çünki dinlə elm bir-birindən ayrılmırlar. Şəhid Behişti gənc nəslin iman və inqilab ruhunda tərbiyə olunmasına çox böyük diqqət yetirirdi. Onun elmi-mədəni fəaliyyətlərindən biri də Qum dini hövzə alimləri və tələbələri üçün xarici dil və dünyəvi elmlərin tədrisi mərkəzini yaratması idi. Elə bununla əlaqədar "Qum tələbələri və ziyalılarının İslam mərkəzi"ni təsis etdi. Şəhid Behişti 1963-cü ildə Həqqani Elmi Mədrəsəsini təsis etdi və bir qrup dini hövzə alimlərinin köməyi ilə "İslamda hökumət" məsələsini araşdıran tədqiqat qrupu yaratdı. Bu dövrdə təhlükəsizlik komitəsi (SAVAK) tərəfindən Qum şəhərini tərk edib Tehranda məskunlaşmağa məcbur edildi və 1964-cü ildə Doktor Bahonərin əməkdaşlığı ilə Təhsil nazirliyinin dərslik hazırlanması şöbəsində orta məktəblər üçün dini dərslik kitablarını hazırlamağa başladı.
Ayətullah Behişti alman və ingilis dillərindən əlavə, fars və ərəb ədəbiyyatlarına, məntiq, fəlsəfə və təfsir elmlərinə də dərindən yiyələnmişdi. Həmçinin o, Ayətullah-əl-üzma Burucerdinin, İmam Xomeyninin (r.ə) və Ayətullah Damadın ali fiqh və üsul dərslərindən də bəhrələnmişdi və bu elmlərdə nəzər sahibinə çevrilmişdi. Nəzər sahibləri onu görkəmli müasir İslamşünaslardan biri hesab edirlər.
Bir il sonra, yəni 1965-ci ildə Şəhid Behişti din təbliği üçün Almaniyaya səfər edir. Orada o, məscid imamı, məscidin tikintisinin başa çatdırılmasına nəzarət, farsdilli müsəlmanların və orada yaşayan tələbələrin işlərinin idarəsi vəzifələrini öz öhdəsinə götürür. Ayətullah Burucerdinin müsəlmanlar üçün tikdirdiyi məsciddə dini və mədəni fəaliyyətə başlayan Behişti farsdilli tələbələrin İslami birliyini və "Hamburq İslam Mərkəzini" təsis etdi. O, 1965-70-ci illər ərzində müxtəlif elmi və akademik dairələrdə, eləcə də kilsələrdə çıxışlar edirdi. Almaniyada olduğu 5 il müddət ərzində onun fəaliyyətləri təkcə bununla bitmir, Avropa miqyasında dini və mədəni fəaliyyətlər göstərirdi.
Doktor Behiştinin həyatı İslam düşmənlərinə qarşı mübarizə ilə doludur. Misal üçün o zaman ki, Tudə partiyası güclü təşkilatçılığı ilə ölkənin siyasi səhnəsində fəaliyyət göstərirdi, Şəhid Behişti dini-ideoloji fəaliyyətlərdən əlavə, gənclərdə ruh yüksəkliyi yaratmaq üçün çıxışlar edir, Tudəçilik təfəkkürü ilə mübarizə aparırdı.
Behişti 1950-53-cü illərdə Doktor Məhəmməd Mosəddeqin milli hakimiyyətini müdafiə etmək üçün İsfahanda rejim əleyhinə nümayişlər təşkil etməkdə mühüm rol oynamış mübariz ruhanilərdən biri idi. Ayətullah Behiştinin mübarizəsi hər növ cəncəl və təbliğatdan uzaq idi. Behişti yalnız elm, söz və qələm sahibi deyildi, o , mübarizə meydanlarında da mərdanə vuruşurdu. Xüsusilə İmam Xomeyninin 1962-ci ildən başladığı mübarizəsindən sonra "Birləşmiş İslam birlikləri" təşkilatı ilə əməkdaşlığa başladı və bu təşkilatın ruhanilər şurasına üzv seçildi.
"Birləşmiş İslam birlikləri" təşkilatı əyalət və vilayət cəmiyyətlərinin içindən çıxmış və 1971-ci ilə qədər mübarizəni idarə etmiş bir təşkilat idi. Bu təşkilat müxtəlif dini münasibətlərdə böyük nümayişlərin təşkil edilməsində mühüm rol oynamışdır. Bu nümayışlərdə Ayətullah Behiştinin həyəcanlı çıxışları insanları hərəkətə gətirirdi.
İmam Xomeyni Parisdə olduğu zaman Ayətullah Behişti ora getdi və sonra imamın əmri ilə İran İslam inqilabı şurasına üzv qəbul edildi. O dövrdə Behiştinin təsirli rolu tam şəkildə hiss olunurdu. Ayətullah Behişti bir müddətdən sonra bu şuranın katibi seçildi. Şura inqilabın çox həssas və müqəddəratı təyin edən dövrlərində mühüm vəzifə daşıyırdı və İslama və inqilaba çoxlu xidmətlər göstərirdi. Xüsusilə də həmin dövrdə - vəziyyətin iztirablı və həyəcanlı olması qanunvericilik orqanının yoxluğu səbəbindən – bu şura qanunvericilik roluna malik idi və iki mühüm vəzifə daşıyırdı: Birincisi ölkədə ehtiyac duyulan qanunların qəbul edilməsi, ikincisi həmin qanunların icra edilməsi. Bu vəzifələr də şura üzvləri və ya şuranın seçdiyi şəxslər tərəfindən yerinə yetirilirdi. Doktor Behişti bir müddət İnqilab şurası tərəfindən məhkəmə orqanlarında islahatların aparılması, yeni inqilabçı və vicdanlı kadrların cəlb edilməsi üçün həmin orqana təyin edildi və bu sahədə də təsirli işlər gördü.
İnqilabın həssas və taleyüklü günlərində yolunu azmış partiya və qrupların müqabilində dini və mənəvi dəyərlərin qorunması üçün İmam Xomeyni yolunun tərəfdarı olan bir İslami təşkilatın yaranmasına zərurət yaranmışdı. Daim nizam-intizam və təşkilatçılıq tərəfdarı olan Doktor Behişti İmam Xomeyninin məsləhəti və indiki dini rəhbər Ayətullah Xamneyinin və digər fəalların köməyi ilə 1979-cu ilin mart ayının sonlarında Cümhuri-İslami partiyasını təsis etdi. Bu partiya müsəlman, vicdanlı və vilayəti-fəqih tərəfdarı olan qüvvələrin mərkəzinə çevrildi. Ayətullah Behişti şəhid olana qədər Cümhuri-İslami partiyasının baş katibi vəzifəsində çalışdı.
1978-ci ilin noyabr ayında Doktor Behişti Şəhid Ayətullah Mütəhhəri, Şəhid Ayətullah Doktor Müfəttih, Ayətullah Məhdəvi Kəni və Ayətullah İmami Kaşani ilə birlikdə Tehran Mübariz Ruhanilər Birliyini yaratdı. Çox keçmədən bütün İrandan ruhanilər bu təşkilatı dəstəkləməyə başladılar və Ayətullah Seyid Əli Xamneyi, Ayətullah Meşkini, Ayətullah Rəbbani Əmləşi, Ayətullah Təbəsi və Şəhid Haşiminejad kimi şəxsiyyətlər həmin bu birliyə qoşuldular.
Xalqın seçdiyi nümayəndələr tərəfindən Xübrəqan Məclisi təşkil edildikdən sonra Doktor Behişti bu məclisin sədr müavini seçildi. Demək olar ki, Xübrəqan Məclisinin əksər iclasları onun sədrliyi ilə keçirilirdi. Nizamın bu qayğıkeş icraçısı çoxlu işlərinin olmasına baxmayaraq davamlı çalışqanlığı və inqilabın ürəyi yanan dostlarının həmfikirliyi ilə İslam Respublikasının konstitusiyasını tərtib etdi. İslam inqilabının qan bahası sayılan bu konstitusiya referendum vasitəsilə xalq tərəfindən təsdiq edildi.
Şəhid Behiştinin gördüyü işlərdən biri də filayəti-fəqih (fəqih - din aliminin hakimiyyəti) prinsipinin rolunu bu müqəddəs strukturda aydınlaşdırması idi. Belə ki, bəzi liberal və millətçi qüvvələr bu məsələ ilə müxalif olsalar və etiraz etsələr də Ayətullah Behişti dəlil-sübutlarla onlara cavab verirdi. Nəhayət vilayəti-fəqih məsələsi İslami Şura Məclisində qəbul edildi.
İslam Respublikası qurulduqdan sonra İmam Xomeyni 1979-cu ilin mart ayında Ali Məhkəmənin sədrliyini Ayətullah Behiştiyə tapşırdı. Ayətullah Behişti ədalətli və alim hakimləri işə götürməklə bu ali orqanda dərin islahatlar apardı. O, özünün işi və verdiyi hökmləri ilə xalqın gözündə ədalət nümunəsi kimi qalmaqdadır. Ayətullah Behişti şəhid edildikdə Cümhuri-İslami partiyasının sədri və İnqilab şurasının üzvü olmaqdan əlavə həm də Ali Məhkəmənin də sədri idi.
Şəhid Ayətullah Behiştinin müxtəlif cəhətlərini bir və ya bir neçə məqalə və kitabda bəyan etmək mümkün deyil. Lakin bunu demək olar ki: Doktor Behişti İslam inqilabını İslam tarixinə bəxş edən parlaq fikri və siyasi şəxsiyyətlərdən biri idi. Onun böyüklüyü bundadır ki, bir tərəfdən təşkilatlanmanın vacibliyinə təkid etmiş və onun meydana gəlməsi üçün çalışmışdır. Çünki əsrlərdir ki, İslami qüvvələr vahid təşkilata malik olmadıqları üçün ağır və öldürücü zərbələrə məruz qalmışlar, digər tərəfdən o, inqilabı başqa səmtə yönəlməkdən və durğunluğa düçar olmaqdan qorumuşdur.
Şəhid Behişti siyasi uzaqgörənliyi ilə maneələri vaxtında təyin etmək və onları aradan qaldırmaq üçün lazımi tədbirlər görmək bacarığına malik idi. O, siyasət elmində ensiklopedik biliyə və məlumata malik idi. Behişti müxtəlif qrupların ikiüzlü hədəflərini vaxtında və tez təyin edir, onları zərərsizləşdirmək üçün çalışırdı. Bir sözlə demək olar ki, Doktor Behişti yalnız danışan deyil, həm də əməl edən idi, yaxşı danışırdı, lakin sözlə kifayətlənmirdi. Onun güclü məntiqi var idi və məsələlərin kökünə agah idi. Problemləri təhlil edir və onların həlli yollarını dəlil-sübutla bəyan edirdi. Doktor Behişti həm də çox tədbirli və müdrik insan idi. O, qarşı tərəfi inandırmaq, qane etmək və ya məğlub etmək üçün hansı sözü nə vaxt və necə deməyi çax yaxşı bilirdi.
Ayətullah Behişti Xübrəqan məclisinin təsis edilməsində böyük rol oynamışdır. Onun ictimai-siyasi təfəkkürü İslam ideologiyasından qaynaqlanırdı. Onu İslamşünas alim və islahatçı ruhani hesab etmək lazımdır. Çünki Qərbi təqlid etməklə və ya İslamla qərb metodlarının tərkibindən deyil, məhz sırf İslam yolu ilə cəmiyyətdə dini və dindarlığı bərpa etmək istəyirdi. Onun fikrincə İslam həm dindir, həm də dövlət, həm ideologiyadır, həm də dövlətçilik metodu. Beləliklə o, İslamı bütün sahələrdə, o cümlədən siyasi sahədə İslam cəmiyyətlərində və dünyada yenidən bərqərar etmək arzusunda olan Əbuzər Ğəffari və Əmmar Yasir nəslindən olan bir alim idi. Arzu edirdi ki, İslam qərb və şərq bloklarından uzaq, müstəqil şəkildə və tək bir qüvvə olaraq dünyada bərqərar olsun.
İslam inqilabı İmam Xomeyninin rəhbərliyi ilə qələbə çaldıqdan sonra Şəhid Behiştinin siyasi-ideoloji mübarizəsi rəsmi və daha intizamlı müxtəlif sahələrdə davam edirdi. Belə ki, o, bir tərəfdən İslami məsələlər barəsində yeni fikirlər söylədiyinə görə mühafizəkar ruhanilər tərəfindən tənqid, töhmət və böhtana məruz qalır, digər tərəfdən, materialistlər və çoxüzlü münafiqlər tərəfindən endirilən ağır zərbələrə tuş gəlirdi və nəhayət 27 iyun 1981-ci il tarixində cahiliyyət kin-küdurəti və nifrəti partlayışla nəticələndi. Şəhid Behişti Cümhuri-İslami partiyasının qərargahında 72 nəfərlə birlikdə terror qurbanı oldu və uca şəhidlik zirvəsinə qalxdı.