Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Azərbaycanın səth sularının əsasını çay suları təşkil edir. Bunun 65%-i qonşu ərazilərdən axıb gələn tranzit çayların və yalnız 35 %-i yerli çayların hesabınadır.
Respublikamızın əsas su arteriyası olan Kür çayı və onun əsas qolu Araz hələ Azərbaycan ərazisinə daxil olana qədər qonşu ölkələrdə güclü çirklənməyə məruz qalır. Bunlarla yanaşı, Son zamanlar Böyük Qafqazın Kür hövzəsinə aid olmayan və birbaşa Xəzər dənizinə tökülən şimal-şərq həssəsi çaylarının və Lənkəran regionuna daxil olan çayların çirklənməsi də müşahidə edilir. Son zamanlar Böyük Qafqazın Kür hövzəsinə aid olmayan və birbaşa Xəzər dənizinə tökülən şimal-şərq həssəsi çaylarının və Lənkəran regionuna daxil olan çayların çirklənməsi də müşahidə edilir.
Antropogen amillərin təsirinin güclənməsi ilə əlaqədar olaraq Kür, Araz çayları və onların qollarının suyunun kimyəvi tərkibində böyük dəyişikliklər baş vermişdir. Son 40 il ərzində Salyan şəhəri yanında Kür çayı suyunun minerallığı 3 dəfədən çox artaraq 1020 mq/l olmuşdur. Bu dövr ərzində Araz çayının Saatlı məntəqəsində suyun minerallaşması 400 mq/l-dən 1300 mq/l-ə qədər artmışdır.
Əvvəllər çayların suyu hidrokarbonat sinfinə və kalsium qrupuna mənsub olduğu halda, hazırda sulfatlı-natriumludur. Suyun kimyəvi tərkibinin və keyfiyyətinin dəyişməsinin əsas səbəbi Kür – Araz ovalığında suvarılan sahələrdən qayıdan suların və kollektor – drenaj sularının Kür çayına və onun qollarına daxil olmasıdır. Həmin ovalıqda yerləşən bütün göllərin suyunun kimyəvi tərkibində də belə dəyişikliklər baş vermişdir.
Azərbaycanın göl şəbəkəsi çaylara nisbətən çox zəif inkişaf etmişdir. Ölkədə 300-ə yaxın göl olduğu halda yalnız 6 gölün (Sarısu, Ağgöl, Mehman, Ağzıbirçala, Acınohur və Masazır) sahəsi 10 km2-dən artıqdır. Sahəsi 1 km2-dən artıq olan göllərin sayı isə 25-dir. Göllərin ümumi sahəsinin (250 km2) 83%-ni və ya 207 km2-ni yuxarıda qeyd olunan 5 göl təşkil edir.
Yerləşməsinə və hidroloji xüsusiyyətlərinə görə respublikanın göllərini 3 əsas qrupa ayırmaq olar:
Kür və Araz çayları axımının tənzim edilməsi əvvəllər daşqın suları hesabına qidalanan Kür-Araz ovalığı göllərinin bir qrupunun (Şilyan, Bostançala, Qarasu, Mahmudçala, Ağçala və başqaları) qurumasına, Sarısu, Mehman, Ağgöl və Hacıqabul göllərinin hidroloji rejimi və ekoloji vəziyyətində isə əsaslı dəyişikliklərin baş verməsinə səbəb olmuşdur. Bu göllərin suyu şorlaşmış (5000-13000 mq/l) və onlardan ovlanan balığın miqdarı kəskin azalmışdır. Göllərin mühüm balıqçılıq əhəmiyyətini özlərinə qaytarmaq və ekoloji vəziyyətin yaxşılaşdırılması üçün onların Kürlə əlaqəsinin bərpa edilməsi son dərəcə vacibdir (bu göllər haqqında daha ətraflı məlumat II fəsildə verilir).
Abşeron yarımadasında olan 150-ə qədər gölün ümumi sahəsi 50 km2-dir. Bütün göllərin suyu şordur. Yay aylarında bir çox kiçik göllər tamamilə quruyur. Suyun duzluluğu 5-300 q/l arasında tərəddüd edir. Xlor və natrium ionları üstünlük təşkil edir. XVII əsrdən başlayaraq xörək duzu istehsalına və müalicə əhəmiyyətli palçığına görə Abşeron göllərinin şöhrəti təkcə Azərbaycana deyil, qonşu ölkələrə, o cümlədən İrana və Türkiyəyə yayılır. Masazır gölü, Fatmayı və Qobu qrupu gölləri duzla daha zəngindir. Təkcə Masazır gölünün xörək duzu ehtiyatı 20 min tondan artıqdır. Həmin gölün palçığından indiyə qədər bəzi xəstəliklərin müalicəsində istifadə edilir.
Son 30 il ərzində sənayenin, xüsusilə neft istehsalının inkişafı və Abşeronda suvarma kanalının çəkilişi göllərin təbii rejimini kökündən dəyişdi. Nəticədə göllərin sayı, sahəsi və həcmləri artmaqla yanaşı, onlar ciddi çirklənməyə məruz qaldılar. Abşeron yarımadasında tarix boyu 50-yə qədər təbii göl olduğu halda, neft-mədən, kanalizasiya, qrunt sularının səviyyəsinin qalxması hesabına onların sayı 800-ə qədər çoxalmışdır. Hazırda bir çox göllər o qədər çirklənmişdir ki, onlardan nəinki rekreasiya və duz istehsalında, hətta suyundan texniki məqsədlər üçün istifadə etmək olmaz. Əslində göllərin belə vəziyyəti Abşeron yarımadasında ağır olan ekoloji vəziyyəti daha da gərginləşdirir.
Kiçik Qafqazın dağ gölləri 1400-3000 m yüksəklikdə yerləşir. Onların sayı 20, ümumi sahəsi 12 km2-ə çatır. Böyük Qafqazda olan dağ göllərinin sayı 70-dən artıqdır. Lakin onların 50-nin sahəsi 1 hektardan kiçikdir. Yalnız 21 gölün sahəsi 1-3 ha arasında dəyişir. Ümumi sahəsi isə jəmi 2 km2-dir. Dağ göllərinin çoxu yaşayış məntəqələrindən və yollardan uzaqda yerləşdiyindən onların sahəsi, həcmi və suyunun keyfiyyəti ətrafdakı təbiət guşələri ilə birlikdə demək olar ki, heç bir antropogen çirklənməyə məruz qalmamışdır. Gözəl təbiət abidələri kimi şöhrət qazanmış Göygöl, Maralgöl, Alagöllər və s. göllərdən milli park yaratmaqla rekreasiya və əhalinin ekoloji tərbiyəsində geniş istifadə etmək olar.