I Münzir ibn Məhəmməd (ərəb. المنذر بن محمد بن عبدالرحمن) (d. 844 - ö. 29 iyun 888) — 6-cı Kordova əmiri.[1][2]
I Münzir ibn Məhəmməd | |
---|---|
Əvvəlki | I Məhəmməd ibn Əbdürrəhman |
Sonrakı | I Abdullah |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kordova, Əndəlüs Əməvi əmirliyi |
Vəfat tarixi | |
Vəfat yeri | Malaqa, Əndəlüs Əməvi əmirliyi |
Fəaliyyəti | siyasətçi |
Atası | I Məhəmməd ibn Əbdürrəhman |
Anası | Atəl |
Münzir ibn Məhəmməd 844-cü ildə Kordovada dünyaya gəldi. Atası Əndəlüs əmiri I Məhəmməd, anası isə onun xanımlarından Atəldir. Atasının səltənət illərində hərbi təcrübə qazanması məqsədilə bir çox hərbi yürüşə qatılmışdır. Bunlardan ən önəmliləri 856-cı ildə Toledodakı üsyanı yatırması və 865-ci ildə Qalisiyaya hücum edib frankları ağır məğlubiyyətə uğratması oldu. Bundan başqa 877-ci ildə Badaxos hakimi Əbdürrəhman ibn Mərvana qarşı Meridaya, 882-ci ildə isə Saraqossaya hücum etdi.
886-cı ildə üsyançı Ömər ibn Həfsun üzərinə göndərilsə də, yolda ikən atasının vəfatı xəbərini aldı və Kordovaya dönərək taxta çıxdı (8 avqust 886). İlk tədbir olaraq məhsul vergisini bir illik ləğv etdi və orduya bol miqdarda cülus bəxşişi payladı. Dövlət idarəsində çox dəyişiklik etmədi və atasının dönəmindən qalan bir çox dövlət adamını vəzifədə saxladı.
Əmir Münzir dönəminin ən mühüm hadisəsi isə atası dönəmindən davam edən Ömər ibn Həfsun üsyanı oldu. İlk aylarda üsyançı birliklər sıxışdırılsa da, daha sonra Elvira və Xaen bölgələri də onların əlinə düşdü. Buna cavab olaraq 887 və 888-ci illərdə Əmir Münzir şəxsən özü orduya rəhbərlik edərək İbn Həfsun üzərinə səfər təşkil etdi. Üsyançıların əlində olan bir çox qala geri qaytarıldı və Bobastro qalası mühasirəyə alındı. İbn Həfsunun bir çox tərəfdarı ələ keçirilib öldürüldü və bu səbəblə təslim olmaq istədiyini bildirdi. Aparılan danışıqların ardından sülh təmin olundu və Əmir Münzir mühasirəni ləğv edərək geri dönmək üzrə hazırlığa başladı. Ancaq bu əsnada İbn Həfsun yenidən ayaqlandı və əmirin orduları bu dəfə qalanı daha şiddətli şəkildə mühasirəyə aldı. Əmir Münzir mühasirə əsnasında 29 iyun 888-ci ildə anidən vəfat etdi. Cənazəsi Kordovanın qərbindəki Münyətül-Naur sarayına aparıldı. Ani ölümünün arxasında xələfi olan qardaşı Abdullahın olduğu rəvayət edilir.