Krım əfsanələri Krım tatarlarına məxsus folklor ədəbiyyatında yer alan əfsanələr toplusuna verilən addır. Krım əfsanələrinə maraq 19-cu əsrin sonlarından etibarən oyanmışdır.[1] Əfsanələr turizmi təşviq etmək məqsədilə nəşr edilirdi.[2] Krım xalq ədəbiyyatı nümunələrinin toplanması və nəşri üzrə fəaliyyətlər daha çox qeyri-peşəkarlar tərəfindən həyata keçirilirdi. Buna görə də əksər vaxtlarda toplanmış materialların təsnifat prinsipləri və əfsanələrin milli mənşəyi naməlum olaraq qalır.[3]
Sırf Krım tatarlarına aid olan əfsanələrin nəşrinə əsas etibarilə 1937-ci ildən start verilmişdir.[4] Digər bir qism əfsanalərin isə Yunan[5] və Yəhudi Krım Türk xalqı olan Kəraimlərə[6][7] aid olduğu deyilir. Əfsanələrin əksəriyyəti öz orijinal dillərində toplanmış və nəşr olunmaq üçün rus dilinə tərcümə edilmişdir. Əfsanə mətnlərinin məzmunu bəzi hallarda tərcüməçilərin və ya onları toplayanların şəxsi və aid olduqları mədəniyyətin təsirlərinə məruz qalmışdır.[8]
Əfsanələrin toplanmasına ən elmi yanaşma 1920–1930-cu illərdə hakimiyyətə yenicə gəlmiş və milli azlıqların mədəni inkişafına dəstək verməyə başlayan Kommunist Partiyasının elmi ekspedisiyaları dəstəkləməyə başlamasından sonra müşahidə edilmişdir.[9] Lakin Stalinin repressiyalarından və Krım tatarlarının deportasiyasından sonra folklor da o dövr hakimiyyətin ideoloji mahiyyətinə uyğun olan dəyişikliklər və təhriflərə məruz qalmışdır.[10]
Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) dağıldıqdan sonra Krım əfsanələrinin nəşrinə yenidən başlanılmışdır.[11] Lakin bu dəfə əfsanələr kommersiya məqsədilə buraxılırdı. Ticari məqsədli nəşrlərdən başqa, tatar cəmiyyəti də əfsanə toplularını nəşr etməyə başlamışlar.