Naxçıvan xalça muzeyi

"Azərbaycan xalçası" muzeyiNaxçıvan şəhərində muzey.

"Azərbaycan xalçası" muzeyi
Əsası qoyulub 1998
Mövzu Tarix, arxeоlоgiya və etnоqrafiya
Ölkə
Yerləşir Naxçıvan, Azərbaycan
Muzeyə yetişmək Naxçıvan

1998-ci ilin aprelində Naxçıvan xalça muzeyi kimi yaradılmış, az sonra "Azərbaycan xalçası" Naxçıvan Muxtar Respublikası Dövlət Muzeyi adlandırılmışdır. Muzey Naxçıvan şəhərində Xan dikindəki (Qala məhəlləsi) 200 illik tarixə malik "Xan evində" yerləşir. "Əcəmi seyrangahı" istirahət kompleksinin daxilindədir. Muzey 8 zaldan ibarətdir. Yaradıldığı vaxt muzeydə 359 eksponat qeydə alındığı halda, hazırda onların sayı 1800-ü (241 xalça) ötmüşdür (2000). Burada bütün xalça növlərinin (xovlu və xovsuz kilim, sumax, vərni, şəddə, palaz, cecim və.s.) və xalça məmulatlarının (məfrəş, heybə, çanta, torba, xurcun, örkən və.s.) nümunələri nümayiş etdirilir. Muzeydə Gəncə-Qazax, Quba-Şirvan, Qarabağ, Təbriz-Naxçıvan xalçaçılıq məktəblərinə məxsus XVIII-XIX əsrlərə aid xalça nümunələri saxlanılır. Çeşnilərinə görə "Qollu çiçi" "Pirəbədil", "Alpan", "Qədim əfşan", "Ovçuluq", "Zili", "Köhnə buta", "Naxçıvan", "Qasımuşağı", və s. yanaşı, süjetli xalçalar (Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin portreti toxunmuş xalça (xalq rəssamı K.Əliyev), "Leyli və Məcnun", "Qarabağ mənzərəsi", "Boz qurdlar", "Gəncə gözəli" və s) da əhəmiyyətli yer tutur.

Muzeydə məişət əşyaları - mis məcməyilər, saxsı və çini qablar, qədim kişi və qadın milli geyimləri də nümayiş etdirilir. Burada respublika xalçaçılarını sərgisi təşkil olunur, sənət adamları ilə görüşlər keçirilir və video lentə alınıb muzeyin fondunda saxlanılır. Həmçinin muzeyin nəzdində Mömünə xatun türbə - muzeyi də fəaliyyət göstərir. Respublikada yeganə olan bu muzeydə xalqımızın Atabəylər dövrü tarixinə dair dəyərli məlumatlar verilir. Hər iki muzeydə geniş maarifçilik və tədqiqat işləri də aparılır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi ilə əlaqədar Naxçıvanda olarkən (1999,oktyabr) muzeyin eksponatlarına baxmışdır. [1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Naxçıvan Ensiklopediyası.Bakı,2002,səh:355-56