Torpaq kadastrı

Torpaq kadastrıtorpaq istifadəçiliyinin (torpaq üzərində hüquqların) dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyət uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur.[1]

Torpaq istifadəçiliynin (sahələri üzərində hüquqların) dövlət qeydiyyatı

[redaktə | mənbəni redaktə et]

Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı dövlət torpaq kadastrının hüquqi tərəfidir. O, Azərbaycan Respublikasının sərhədləri daxilində mövcud torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq üzərində hüquqlarının qorunması prinsipini təmin edir.

Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həyata keçirilən hüquqi akt olub, torpaq mülkiyytəçilərinə, istifadəçilərinə və icarəçilərinə torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsində yardım edir. Bu tədbir torpaq münasibətlərinin iştirakçılarının – dövlət orqanlarının, bələdiyyələrin, Azərbaycan respublikası vətəndaşlarının və hüquqi şəxslərin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin, beynəlxalq birliklərin və təşkilatların Azərbaycanın vahid torpaq fondundan istifadəsinin qanuniliyinin gözlənilməsinə xidmət edir.

Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını müxtəlif qanun pozuntularıdan qorumaqla yanaşı, onlar tərəfindən törədilə biləcək istənilən qanuna zidd hərəkətin qarşısını alır. Bu tədbir torpaq sahələrindən onların hüququ rejiminə və təyinatına uyğun olaraq istifadəsinə dövlətin nəzarəti hesab edilir.

Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının uçot-qeydiyyat vahidi kimi torpaq sahəsi götürülür. Torpaq sahəsinin uçot-qeydiyyat vahidi kimi götürülməsi onun torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri üçün həm torpaqdan istifadə hüququnun obyekti, həm də təsərrüfat və digər fəaliyyət növünün obyekti kimi çıxış etməsi ilə əlaqədardır.

Torpaq sahələri üzərində hüquqlar o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyatdan keçirilməlidir. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatına alınması məcburi hesab edilir. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı torpaq sahəsinin yerləşdiyi ərazi üzrə dövlət reyestrinə aşağıdakı məlumatların daxil edilməsi ilə aparılır:

  • torpaq sahəsi üzərində hüququ əldə edən şəxs barədə məlumat;
  • torpaq sahəsinin təsviri (torpağın kateqoriyası, istifadə məqsədi, torpaq uqodiyasının növü, torpaq sahəsinin ölçüsü, sərhədləri, kadastr nömrəsi və digər səciyyəvi xüsusiyyətləri göstərilməklə);
  • torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi haqqında müqavilənin şərtləri, sahənin istifadəsində müəyyən edilmiş servitutlar, öhdəliklər və məhdudiyyətlər haqqında məlumatlar;
  • torpaq sahəsi barədə sərəncam verilməsinə dair əqdlərin bağlanması və digər fəaliyyət barədə məlumatlar;
  • torpaq sahəsinə dair əqdlərin bağlanmasına qadağanlar müəyyən edilməsinə dair məlumatlar;
  • torpaq sahəsinin dövlət və bələdiyyə ehtiyacları üçün özgəninkiləşdirilməsi barədə qərarların tarixi və nömrəsi qanunvericilikdə müəyyən edilmiş digər məlumatlar.

Torpaq sahəsinə dair əqdlərin dövlət qeydiyyatı həmin əqdlərin predmeti sayılan torpaq sahəsinin planı olduqda həyata keçirilir. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması barədə qeydiyyatın tarixi və nömrəsi, habelə qeydiyyat aparan orqan haqqında məlumatlar göstərilməklə torpaq mülkiyytəçilərinə, istifadəçilərinə və icarəçilərinə qanunvericilikdə müəyyən olunmuş hüquqi sənədlər verilir.

Torpaqların kəmiyyət və keyfiyyətcə uçotu

[redaktə | mənbəni redaktə et]

Azərbaycan dövləti bütün cəmiyyətin maraqlarına uyğun olaraq torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı ilə yanaşı, həmin torpaqlardan torpaq mülkiyyətçilərinin və icarəçilərinin düzgün istifadəsinə də nəzarəti həyata keçirir. Ona görə də torpaq ehtiyatlarının təkcə hüquqi baxımdan deyil, həm də təbiət və təsərrüfat baxımından öyrənilməsi dövlət torpaq kadastrının əsas vəzifələrindən biri hesab olunur. Əslində torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı və torpaqların dövlət uçotu eyni vaxtda aprılır. Bu, qeydiyyat və uçot əməliyyatlarının və sənədlərinin vəhdəti hesabına əldə edilir. Belə ki, inzibati rayonların dövlət torpaq kadastr kitablarında həm bütün torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin dövlət qeydiyyatı, həm də bu subyektlərin ixtiyarında olan kənd təsərrüfatı yerlərinin (uqodiyaların) tərkibinə və keyfiyyətinə dair uçot məlumatları verilir.

Torpaqların kəmiyyət və keyfiyyətcə uçotu torpaq ehtiyatlarının miqdarı, yerləşməsi və təsərrüfat istifadəsi haqqında geniş məlumatların toplanması, sistemləşdirilməsi və təhlili ilə bağlı dövlət torpaq kadastr tədbiridir. O, dövlət torpaq kadastrının tərkib hissəsi kimi, torpaqların təbiəti və təsərrüfat baxımından ilkin öyrənilməsini təmin edir.

Torpaq cəmiyyətdə istehsal prosesinin ümumi bazisini təşkil edir, ona görə də torpaqların kəmiyyət və keyfiyyətcə uçotu vahid torpaq fondunun əsas kateqoriyalarını əhatə etməklə idtisadiyyatın bütün sahələrində aparılmalıdır.

Uçot tədbirinin əsas vəzifəsi vahid torpaq fondunun respublika tabeli şəhər, inzibati rayon və muxtar inzibati-ərazi vahidləri (Naxçıvan MR və Dağlıq Qarabağ) daxilində kənd təsərrüfatı yerlərinin (uqodiyaların) və onun tərkib hissələrinin (növlərinin) qəbul olunmuş təsnifata uyğun olraq torpaq mülkiyyət formaları (dövlət, bələdiyyə, xüsusi) üzrə səciyyəsini verməkdir. Torpaqların dövlət uçotu kənd təsərrüfatı yerlərinin (uqodiyaların) faktiki vəziyyətinə görə keyfiyyəti şübhə doğurmayan plan-xəritə materialları və qrafiki üsullarla aşkar edilmiş cari dəyişikliklərin qeydiyyat məlumatları əsasında aparılır.

Torpaqların kəmiyyət və keyfiyyətcə uçotunun dəqiqlik dərəcəsi torpaqlardan istifadənin xarakterindən və torpaq resurslarının potensial imkanlarından asılıdır. Kənd təsərrüfatında əsas istehsal vasitəsi kimi çıxış edən kənd təsərrüfatı təyinatlı torpaqlar, dövlət meşə fondu torpaqları, ehtiyat fondu torpaqları, həmçinin şəhər, qəsəbə, kəndlərin hüdudları daxilində yerləşmiş yaşayış, mədəni-məişət, inzibatı və digər əhəmiyyətli bina, tikili və qurğular altındakı torpaqlar daha dəqiq uçota alınırlar. Sənaye, nəqliyyat, rabitə, müdafiə və təhlükəsizlik, təbii qoruq, sağlamlaşdırma, istirahət (rekreasiya), tarix-mədəniyyət və digər qeyri-kənd təsərrrüfatı təyinatlı olub, sənaye müəssisələrinin, rabitə və nəqliyyat yollarının, istirahət zonalarının yerləşdirilməsindən ötrü məkan bazisi kimi istifadə olunan torpaqlar müfəssəl formada uçota alına bilər, su səthi altında qalmış su fondu torpaqlarının da dəqiq uçotuna ehtiyac yoxdur.

Kənd təsərrüfatı yerlərinin (uqodiyaların) uçotu torpaq örtüyünə, torpaqların təbii daxili diaqnostik əlamət və xassələrinə, meliorativ vəziyyətinə, ot durumunun tərkibinə, başqa xassələrinə görə aparılır. Bu zaman əkin, dincə qoyulmuş torpaqlar, çoxillik əkmələr, biçənəklər və örüş yerlərinin keyfiyyəti səciyyələndirilir. Torpaqların keyfiyyəti irimiqyaslı xüsusi torpaq, aqrokimyəvi, geobotaniki, meliorativ tədqiqatlar vasitəsilə öyrənilir.

Torpaq örtüyünün səciyyəsi torpaq növmüxtəliflikləri üzrə torpağın qranulometrik tərkibinə, torpaqda humus, azot, fosfor, kaliumun miqdarına, udulmuş əsasların cəminə, torpaq mühitinin reaksiyasına (pH), suvarılan torpaqlarda əlavə olaraq suda həll olan duzların tərkibinə, şorlaşmanın dərinliyinə görə verilir. Tədqiqatlar nəticəsində əldə edilmiş göstəricilər əsasında xassə və əlamətlərinə görə yaxın olan torpaqlar keyfiyyət qruplarında birləşdirilir. Azot, fosfor, kalium (NPK) və digər qida maddələri ilə təmin olunmasına görə də torpaqların xüsusi (aşağı, orta, yüksək) qruplaşdırılması mövcuddur.

Təbii yem sahələrinin (yay və qış otlaqları) uçotu ot örtüyünün tərkibinə və keyfiyyətinə görə aparılır. Burada torpaq tədqiqatları ilə yanaşı, geobotaniki tədqiqatlara da geniş yer verilir.

Torpaqların meliorativ vəziyyəti qrunt suyunun dərinliyinə və minerallaşmasına görə müəyyən edilir. Bu torpaqlar içərisindən hidrotexniki, aqrotexniki və digər meliorativ tədbirlərə ehtiyacı olan torpaqlar ayrıca qeyd edilir. Şoranlıqlar, daşlı torpaqlar, kolluqlar, bataqlıqlar, eroziyaya məruz qalmış torpaqlar, həmçinin suqoruyucu və tarlaquruyucu əkmələr ayrıca uçota alınır. Torpaqların kəmiyyət və keyfiyyətcə uçotu zamanı suvarılan torpaqlara xüsusi diqqət yetirilir. Bu torpaqlarda təkcə kənd təsərrüfatı yerlərinin (uqodiyaların) faktiki vəziyyəti deyil, suvarmanın dərəcəsi (intensiv, qismən) üsulları (selləmə, çiləmə və s.) suvarma və kollektor-drnaj şəbəkəsinin vəziyyəti də nəzərə alınır.

Torpaqların keyfiyyət uçotu təkcə torpaqların deyil, torpaq yerinin də təsnifatını nəzərdə tutur. Torpaqşünaslıq elmində torpaq –quru səthinin torpaqəmələgətirən amillərin təsiri altında formalaşmış, münbitlik xassəsi olan yuxarı, yumşaq bitki bitən üst qatı hesab edilir. Torpaqəmələgətirən amillərin məkan-zaman dəyişkənliyindən asılı olaraq torpaqların şaquli və üfiqi zonalığı qanunu mövcuddur. Torpaqların təsnifatı onların genezisinə və inkişafına görə tərtib edilir.

"Torpaq" anlayışından fərqli olaraq, "torpaq yeri" anlayışı daha geniş məfhumdur. "Torpaq yeri" konkret torpaq örtüyü, relyef, iqlim şəraiti, təbii bitki örtüyü, müəyyən qrup kənd təsərrüfatı bitkilərinin becərilməsindən ötrü yararlılığı, meliorativ vəziyyəti ilə səciyyələnir. Torpaq – torpaq yeri sisteminin yalnız bir elementidir. O, torpaq yerinin digər şəraitləri ilə birgə torpaqdan istifadə əsaslı şəkildə təsir göstərir. Ona görə torpaq yerinin təsnifatında torpaqla yanaşı, digər şəraitlər də, o cümlədən iqtisadi amillər, nəzərə alınmalıdır.

Torpaqların bonitirovkası

[redaktə | mənbəni redaktə et]

Torpaqların bonitirovkası torpaqların daxili xassələri əsasında keyfiyyətinin müqayisəli şəkildə qiymətləndirilməsidır. Qiymətləndirmə zamanı əsas meyarlar kimi torpağın daxili xassələri — humus, azot, fosfor, kalim tərkibi, udulmuş əsasların cəmi götürülür. Respublikamızın mürəkkəb təbii şəraiti, relyef, iqlim, bioloji amillərin rəngarəngliyi torpaqların münbitliyinin müxtəlifliyinə səbəb olmuşdur. Bu isə öz növbəsində kənd təsərrüfatı bitkilərinin region, zona və hətta təsərrüfat daxili yetişdirilməsi xərclərini artırıb — azaltmaqla istehsalın iqtisadi göstəricilərini mürəkkəbləşdirmişdir. Ona görə də torpaqların münbitliyinin müxtəlifliyinin qeydiyyata alınması, yəni onların genetik-istehsalat təsnifatının verilməsi və torpaqların daxili diaqnostik göstəriciləri əsasında müqayisəli şəkildə qiymətləndirilməsi bonitirovkanın həm nəzəri, hən də praktiki cəhətdən ən əhəmiyyətli problemlərindəndir. Torpaqların bonitirovkası torpaqşünaslıq elminin və həmçinin dövlət torpaq kadastr tədbirinin müstəqil sahəsi olub, torpağın həm təbii-tarixi varlıq, həm də istehsal vasitəsi kimi qiymətləndirilməsinin elmi-nəzəri əsaslarını tədqiq edən, prinsip və metodlarını işləyən, istehsalatda geniş tətbiqi məsələlərini araşdıran təlimdir.

Torpaqların həm təbii-tarixi varlıq, həm də bir istehsal vasitəsi kimi bir sıra özünəməxsus xüsusiyyətləri, digər tərəfdən kənd təsərrüfatı istehsalının sənaye istehsalından fərqli olaraq, təbii şəraitdən, o cümlədən torpağın münbitliyindən asılı olması, onun müqayisəli şəkildə qiymətləndirilməsini zəruri edir. Belə ki, çox vaxt eyni miqdarda sərf olunmuş əmək və kapitalın müqabilində əkinçinin əldə etdiyi məhsul və gəlir, torpaqların münbitliyindən asılı olaraq müxtəlif ola bilər və yaxud eyni münbitliyə malik olan torpaqlarda kapital əməyin daha çox sərf edildiyi yerdə əlavə gəlir və ya renta digərindən artıq olacaqdır. Qeyd edək ki, məhsuldar qüvvələrin inkişafı nəticəsində elmi-texniki nailiyyətlərin kənd təsərrüfatında tətbiqi, texnologiya və istehsal proseslərinin təkmilləşdirilməsi az məhsuldar torpaqların münbitliyinin yüksəldilməsinə səbəb olsa da, torpaqların münbitliyi arasındakı diferensasiyanı, yəni mövcud fərqi ləğv etmir. Ona görə ki, aşağı münbitliyə malik torpaqların səviyyəsi yüksəldikcə, həmin proses orta və yüksək münbitliyə malik torpaqlarda da baş verir. Bu proses daimi olduğu üçün torpaqların münbitliyi arasındakı fərq və bu fərqin arasında formalaşan diferensial renta da əbədidir. Beləliklə, diferensial renta – təsərrüfatın münbit torpaqların və əlverişli coğrafi mövqeyinin hesabına (I diferensial renta) və ya istehsal prosesində intensiv metodların tətbiqilə (II diferensiaı renta) əldə etdiyi əlavə məhsul və ya gəlirdir. Buradan belə bir nəticə çıxarmaq mümkündür ki, torpaqların bonitirovkasının nəzəri əsasını genetik torpaqşünaslığın münbitlik təlimi ilə yanaşı diferensial renta haqqında təlim də təşkil edir. Torpaqların bonitirovkası əslində I diferensial renta ilə bilavasitə əlaqədardır.

I diferensial torpaq rentasının əsasını ən pis torpaqların məhsulunun eyni zamanda ictimai istehsal qiyməti hesab olunan istehsal qiyməti ilə ən yaxşı və orta torpaqların məhsulunun fərdi istehsal qiyməti arasındakı fərq təşkil edir. Torpaq kənd təsərrüfatı sahibkarlarına icarəyə verilərkən məhz bu fərq torpaq mülkiyyətçiləri tərəfindən mənimsənilir.

Torpaqların iqtisadi qiymətləndirilməsi

[redaktə | mənbəni redaktə et]

Dövlət torpaq kadastrının ən əhəmiyyətli tərkib hissəsi torpaqların (torpaq yerinin) iqtisadi qiymətləndirilməsidir. Torpaqların iqtisadi qiymətləndirilməsi kənd təsərrüfatında əsas istehsal vasitəsi olan torpaq yerinin münbitliyinin iqtisadi göstəricilər əsasında səciyyələndirilməsidir.

Torpaqların bonitirovkası və torpaqların iqtisadi qiymətləndirilməsi torpaq yerinin istehsal qabliyyətinin müəyyən edilməsinin vahid prosesi kimi çıxış edir. Belə ki, torpağın təbii və qazanılmış xassələri, torpaq yerinin məkanı və texnoloji xüsusiyyətləri, həmçinin istehsalın intensivliyi əkinçi əməyinin məhsuldarlığna həm eyni vaxtda və həm də qarşılıqlı surətdə təsir göstərir.

Torpaqların iqtisadi qiymətləndirilməsinin obyekti müxtəlif kateqoriyadan olan torpaqlar və kənd təsərrüfatı yerləri (uqpdiyalarla) ilə təmsil olunmuş vahid torpaq fondudur. Torpaqların iqtisadi qiymətləndirilməsinin predmeti isə torpağın iqtisadi münbitliyidir. Münbitlik nöqteyi-nəzərindən torpaq yeri və torpaq anlayışları eynidir. Fərq yalnız torpaqla müqayisədə torpaq yerinin daha geniş anlayış olmasıdır.

Torpaq-qiymətləndirmə işləri zamanı torpaqların bonitirovkası və torpaqların iqtisadi qiymətləndirilməsinin eyni taksonomik vahidlər üzrə aparılması vacibdir. Respublikamızda torpaqların bonitirovkası torpaq növmüxtəliflikləri, torpaqların iqtisadi qiymətləndirilməsi isə torpaqların aqroistehsalat qrupları üzrə aparılır.

Torpaqların iqtisadi qiymətləndirilməsində qiymət göstəricilərinin düzgün seçilməsinin böyük əhəmiyyəti vardır. Onlar obyektiv olmalı və müəyyən praktiki əhəmiyyət kəsb etməlidir. Yalnız bu halda torpaqların iqtisadi qiymətləndirilməsi istehsalatda özünün geniş tətbiqini tapa bilər. Qiymət göstəricilərinin hesablanması suvarılan və suvarılmayan torpaqlar üçün ayrı-ayrılıqda hesablanır.

Məqsəd və vəzifələrindən asılı olaraq torpaqların iqtisadi qiymətləndirilməsi fərdi və ümumi olur. Torpaqların fərdi iqtisadi qiymətləndirilməsi müxtəlif torpaqlarda konkret kənd təsərrüfatı bitkilərinin becərilməsinin səmərəliyini təyin edir. Ona görə də torpaqların fərdi iqtisadi qiymətləndirilməsi kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına, məsarif ödənişinə və differensial gəlirə görə aparılır.

Torpaqların ümumi iqtisadi qiymətləndirilməsi münbitliyin obyektiv göstəricilərini və torpaqdan istifadənin effektivliyini xarakterizə edən göstəriciləri təyin edir. Torpaqların ümumi iqtisadi qiymətləndirilməsi ümumi məhsulun dəyərinə, məsarif ödənişinə və differensial gəlirə görə aparılır.

İqtisadi nöqteyi-nəzərdən torpaq yerinin keyfiyyəti torpağın münbitliyinə görə müəyyən edilir. Torpaqların münbitliyindəki fərqlər kənd təsərrüfatı bitkilərinin məhsuldarlığında fərqlərin yaranmasına səbəb olur. Bununla da kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı torpaqların iqtisadi qiymətləndirilməsində əsas göstərici kimi çıxış edir. Bu göstərici əsasında torpaq yerlərinin keyfiyyətini müqayisəli şəkildə qiymətləndirmək mümkündür. Torpaqların iqtisadi qiymətləndirilməsi üçün seçilmiş kənd təsərrüfatı bitkilərinin tərkibi torpaq-kadastr rayonu üçün səciyyəvi olmalıdır.

Torpağın qiymət göstəricisi kimi məhsuldarlığın kənd təsərrüfatı istehsalının bir sıra məsələlərinin həllində böyük əhəmiyyəti vardır. Lakin o yalnız müxtəlif keyfiyyətli torpaqlara eyni miqdarda xərc qoyulduğu şəraitdə torpaqların keyfiyyətini əks etdirir.

Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı əsasında torpaq yerlərinin iqtisadi qiymətləndirilməsinin çətinliyi ayrı-ayrı bitkilərin və bitki qruplarının məhsuldarlığının torpağın keyfiyyəti haqqında məlumat verə bilməməsi ilə əlaqədardır. Məhsuldarlığın obyektiv göstəriciləri olan ümumi məhsulun dəyəri və differensial gəlir artıq praktikada öz üstünlüklərini göstərmişdir.

Ümumi məhsulun dəyəri əkinlərin sahəsi, məhsuldarlığı və qiyməti nəzərə alınmaqla bütün bitkilər üzrə müəyyən edilir. Torpaq yerlərinin kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı və ümumi məhsulun dəyəri vasitəsilə ifadə edilmiş göstəricisi eyni miqdar məsariflər şəraitində torpağın iqtisadi münbitliyinin mütləq səviyyəsini xarakterizə edir.

Torpaqların iqtisadi qiymətləndirilməsi zamanı müxtəlif keyfiyyətli torpaq yerlərindən əldə edilmiş məhsuldarlığın və ümumi məhsulun dəyərinin istehsal məsrəflərinin öyrənilməsi zəruridir. Nəzərə almaq lazımdır ki, yalnız eyni miqdar istehsal məsarifləri şəraitində formalaşmış məhsuldarlıq və ümumi məhsulun dəyər göstəriciləri torpağın keyfiyyətini düzgün əks etdirə bilər.

Ümumi məhsulun dəyəri aşağıdakı düstur əsasında tapılır:

D = (M1A1P1+M2A2P2+…. MnAnPn): P1+P2+…. Pn

Burada, D – ümumi məhsulun dəyəri; M1, M2 …. Mn – kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı; A1, A2…. An — məhsulun topdan satış qiyməti (keçmiş metodikalarda kadastr qiyməti); P1, P2…. Pn – kənd təsərrüfatı bitkilərinin sahəsi.

Məsarif ödənişi torpaqların iqtisadi qiymətləndirilməsi zamanı təsərrüfatçılığın bərabər iqtisadi şəraitində, torpaq yerinin münbitliyinin çox əhəmiyyətli göstəricisidir. O, eyni keyfiyyətli torpaq yerlərində əkinçiliyin intensivliyindən asılı olaraq iqtisadi münbitliyin səviyyəsini səciyyələndirmək üçün olduqca əlverişlidir. Məsarif ödənişi aşağıdakı düstur vasitəsilə təyin edilir:

MÖ =D:Mf

Burada, MÖ –məsarif ödənişi; D- ümumi məhsulun dəyəri; Mf- ümumi xərclər.

Yaxşı və pis torpaqlarda kənd təsərrüfatı istehsalının səmərəliyi özünü təmiz gəlir formasında göstərir. Torpaq yerlərinin təmiz gəliri həmin sahələrdən alınan ümumi məhsulun dəyərindən onun alınmasından ötrü sərf olunmuş istehsal xərclərini çıxmaqla tapılır. Differensiaı gəlir təmiz gəlirin əlavə hissəsidir. Əslində differensial gəlir pis torpaq yerləri ilə müqayisədə yaxşı keyfiyyətli torpaq yerlərində daha məhsuldar əmək hesabına yaradılmış təmiz gəlirdir. O nisbi münbitliyin kəmiyyət səciyyəsi olub, qiymətləndirilən torpaqlarda az məhsuldar torpaqlarla müqayisədə məsariflərə qənaətin həcmini ifadə edir. Torpaq yerlərinin iqtisadi qiymətləndirilməsində meyar kimi götürülən differensial gəlir aşağıdakı düstur vasitəsilə tapılır:

DG = (AQ-FQ) X U

Burada, DG –differensial gəlir, man/ha; AQ — məhsulun alış qiyməti, man/ha; FQ- məhsulun fərdi qiyməti, man/ha; U –bazis məhsuldarlıq, sen/ha.

Differensial gəlirin tapılması üçün çox əhəmiyyətli göstərici olan məhsulun fərdi qiyməti (FQ) aşağıdakı düstur əsasında tapılır:

FQ =M x (Rn + 100) : 100

Burada, FQ – məhsulun fərdi qiyməti, man/sen; M- məhsulun maya dəyəri; Rn – rentabelliyin normativ səviyyəsi.

Məhsulun fərdi qiyməti hesablanarkən istifadə edilən rentabelliyin normativ səviyyəsi 45%-dən az olmamaq şərtilə bütün kənd təsərrüfatı bitkiləri üçün eyni qəbul edilir. Bu göstəriciyə görə əldə edilmiş differensial gəlir ən təmiz gəlir hesab olunur.

Beləliklə, torpaq yerlərinin iqtisadi qiymətləndirilməsində ilkin məlumat kimi 1 hektar sahədən alınan məhsulun miqdarı və bu məhsulun istehsalına sərf olunmuş məsariflər götürülür. Bu göstəricilər əsasında istehsalın səmərəliyini xarakterizə edən göstəricilər – ümumi məhsulun dəyəri, məsarif ödənişi, təmiz və differensial gəlir hesablanır.

Əldə edilmiş göstəricilər əsasında torpaq kadastr (qiymət) rayonlarının torpaq yerlərinin iqtisadi qiymət şkalaları tərtib edilir. Şkala torpağın keyfiyyətini səciyyələndirən müxtəlif göstəricilər üzrə qurulur. Şkalada əkinçilikdə intensivliyin səviyyəsi istehsal məsariflərinin ölçüsünə görə, istehsalın səmərəliyi- məsarif ödənişinə, istehsalın səviyyəsi – ümumi məhsulun, gəlirli olması – differensial gəlirin həcminə görə müəyyən edilir.

Hesablamalar torpaq (keyfiyyət) qrupları üzrə əkin üçün ümumi, kənd təsərrüfatı bitkiləri (taxıl, üzüm, kartof vəs .) üçün fərdi qiymətləndirmə şkalaları qurulmaqla aparılır.

  1. "Azərbaycan Respublikasının Torpaq Məcəlləsi". 2022-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-08.