Tufan div

Tufan divAzərbaycan nağılı "Tapdıq"ın qəhrəmanı. Fırtınalar tanrısı və Zülmət dünyasının padşahıdır, oğlu Tapdıq "İşıqlı dünyanın və Zülmət dünyasının padşahı" olaraq onu əvəz etmişdir.[1]

Tufan div
Fırtınalar tanrısı
Zülmət dünyasının padşahı
İslam şeytanının (div) mələk və ya pərini ələ keçirməsi
İslam şeytanının (div) mələk və ya pərini ələ keçirməsi
Yaşadığı yer

Qaf dağı

    • Zülmət dünyası
    • Gülüstani-Baği-İrəm (evlilikdən sonra)
Həyat yoldaşı Gülüstani-Baği-İrəmin sahibi Gün xanım
Uşaqları Tapdıq padşah (qeyri-qanuni oğlu)
Şahzadə-sehrbaz Şəms (ögey qızı)
Varisi Tapdıq padşah (İşıqlı dünyanın və Zülmət dünyasının padşahı)
Sehrli gücləri Təbiətə təsir etmə,
uçma və qeyri-insani sürət,
güclü bədən, tilsimlər,
sehrli güclərinin nəslindən gələnlərə ötürülməsi
Məlumat
Ləqəb(lər)i Qara Div
Növü Div
Meymun (bir müddət)
Əlaqələri Ay (rəqibi)
Cinlər padşahının oğlu Nurəddünya (qanlısı və kürəkəni)
Evlilikdən sonra əmri altındakı Gülüstani-Baği-İrəm varlıqları:
Şəmsin əmrindəki pərilər
Gülüstani-Baği-İrəmin ağacları (xəbər ağacı, dirilik ağacı)

Xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Zülmət dünyasının padşahı olan Tufan div bütün şər qüvvələrin və əməllərin himayəçisidir. O, nağılda tam mənfi obraz kimi təqdim edilməsə də, verilən bəzi məlumatlar (Tufan divin ölü tilsimini istifadə etməsi) onun mənfi obraz olduğunu təsdiqləyir.[2]

Sehrli gücləri

[redaktə | mənbəni redaktə et]
  • Təbiətə təsir etmə. Tufan div bir yerdə görünməzdən əvvəl bərk gurultu qopara və ildırım çaxdıra bilər.[i 1] Div Gün xanımdan ayrıldığı zaman kədərlənir, göz yaşları havaya qalxıb, damla-damla yerə süzülürdü. Ustadlara görə, bulud, duman, yağış, qar, dolu Tufan divin göz yaşlarından əmələ gəlirdi. Tufan div Gün xanımı gördükdən sonra onun göz yaşlarından dəryalar, ümmanlar, göllər əmələ gəlir və ya göz yaşları od olub ətrafı yandırırdı.[2][i 2]
  • Uçma və qeyri-insani sürət. Tufana div Qəməri oğurlamağa gedərkən uçaraq yeddi illik yolu bir saata gedir.[i 3]
  • Güclü bədən. Tufan divin silahı başında qırx dəyirman daşı olan əmuddur. Onunla döyüşərkən gözləri və ürəyindən vurulmalıdır,[i 4] ona qılınc, nizə batmır.[i 5]
  • Tilsimlər. Tapdıq nağılında Tufan Div bir sıra tilsimlərdən istifadə edir.
    • Bihuş etmə. Tufan div lövh oxuyaraq insanı bihuş edə bilir. Bu tilsim ən azı yeddi gün çəkir.[i 6]
    • Ölü tilsimi. Bu tilsimə düşənlər həmişə ölü qalır, onları diriltməyin çarəsi yalnız Tufan divdədir.[i 7]
    • Canların birləşdirilməsi. Bu tilsimlə canları bir şişədə birləşdirilən iki şəxs ölsələr, birlikdə ölürlər, yaşasalar, birlikdə yaşayırlar.[i 8]
  • Sehrli güclərinin onun nəslindən gələnlərə ötürülməsi. Tufan divlə Gün xanımın övladı olan Tapdıq adı insanların edə bilməyəcəyi şeyləri edirdi. O, insan övladının gedə bilməyəcəyi Gülüstani-Baği-İrəmdə sərbəst gəzirdi.[3] Həmçinin Tapdığın qeyri-adi səsi, yəni nərəsi ildırım tanrısının (atası Tufan div) göy gurultusu ilə simmetrikləşir: "Tapdıq qılıncı çəkib elə bir nərə çəkdi ki, tilsim tamam titrədi, ulduzlar hərəkətə gəldi. Onun bu nərəsi həmişə havada qaldı, ildırım, göy gurultusu oldu."[2]

Zülmət padşahı olan Tufan div Gün xanımı sevirdi və onun qulluqçusu olması üçün Süleyman tacirin qızı, Tapdığın bacısı Qəmər xanımı oğurlayır. Div Qəmərə lövh oxuyaraq onu yeddi gün Qaf dağında bihuş saxlayır. Ancaq Gün xanım qulluqçu kimi istəmədiyi üçün Tufan div onun əmri ilə Qəməri zülmət dünyasına aparıb, ölü tilsiminə salır. Bundan sonra Tufan div Gün xanımla birlikdə Qaf dağında kef edir.[i 9]

Günün qızı Şəms Qaf dağına uçaraq anasını Tufan divlə birlikdə görür. O, anasına Tufan divlə görüşməməsini, istəyirsə, Ayla evlənə biləcəyini deyir. Tufan Div isə gizlicə Gündən qızı Şəmsi öldürməsini istəyir. Amma Şəms çox ehtiyatlı davrandığından Tufan div özünü qorumaq üçün canını Günlə bir şişəyə salır.[i 10]

Şəms anasını qorumaq üçün Tufan divi öldürməkdən vaz keçir və Qaf dağını qırx yerə bölərək sevgilisi, Cin padşahının oğlu Nurəddünyanı qarovul qoyur. Ancaq Gün Nurəddünyanı aldadır və onu özü ilə Tufan divin görüşməsinə kömək etməyə razı salır. Şəms onların sirrini öyrənəndə Tufan divi meymuna çevirib, qaranlıq dünyaya salır.[i 11]

Bu zaman Şəmslə sevgili olan Tapdıq bacısı Qəməri axtarmağa gedir. Tapdıq öyrənir ki, Tufan div bacısının tilsiminə görə günahkardır və ona qılınc, nizə işləmədiyi üçün yalnız Şəms tərəfindən öldürülə bilər. Tapdıq bacısı Qəmərin ölü kimi yatdığı bağçaya gəlir və buranı qoruyan meymunla qırx gün dava edir. Axırda meymunu ram edir.[i 12]

Gülüstani-Baği-İrəmə qayıdan Tapdıq Şəmsi həqiqəti deməyə razı salır. Şəms Tufan divi meymuna çevirdiyini etiraf edir. Tufan divin Tapdığın bacısını tilsimdən azad etməsi qarşılığında Şəms onun anası Günlə evlənməsinə razılıq verir. Gün xanım isə Tapdığın özünün Tufan divdən olan oğlu olduğunu, Süleyman tacirin Tapdığı övladlığa götürdüyünü etiraf edir. Bundan sonra Gün xanım Tufan divlə, Qəmər xanım Tapdıqla, Şəms xanım Nurəddünya ilə evlənir.[i 13]

Qədim yunan mifologiyasında tanrı və ya yarı-tanrı adlandırılanlar Tapdıq nağılında divdir. Farsca div sözünün tanrı mənasına gələn "divin" sözü ilə əlaqəli olduğu iddiaları nəzərə alınarsa, bu nağılda divin fərqli məna daşıdığı başa düşülür. Tufan div fırtına və tufanı təmsil etmir, fırtına və tufanın özüdür.[1]

Tufan divin Qəməri qaçırarkən ildırım çaxması motivi divin İldırım tanrısının izlərini daşıdığını göstərir. Tapdıq Göy oğlu kimi göydən yerə atılır və tapıldığı üçün adına Tapdıq deyilir. Eynən İldırım tanrısının övladlarında da bu motiv görülür. Tapdıq türk və monqol əfsanələrində şeytani qüvvədən təmizlənməsi üçün göydən yerə göndərilən Tanrının övladları şəklindəki əfsanəvi qəhrəmanlar qrupuna aid olunur.[4]

İlkin mənbələr

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Folkloru Külliyatı, II cild. səh 5–8.
  2. Azərbaycan Folkloru Külliyatı, II cild. səh 36–40.
  3. Azərbaycan Folkloru Külliyatı, II cild. səh 5–8.
  4. Azərbaycan Folkloru Külliyatı, II cild. səh 14–18.
  5. Azərbaycan Folkloru Külliyatı, II cild. səh 24–32.
  6. Azərbaycan Folkloru Külliyatı, II cild. səh 5–8.
  7. Azərbaycan Folkloru Külliyatı, II cild. səh 5–8.
  8. Azərbaycan Folkloru Külliyatı, II cild. səh 9–13.
  9. Azərbaycan Folkloru Külliyatı, II cild. səh 5–8.
  10. Azərbaycan Folkloru Külliyatı, II cild. səh 9–13.
  11. Azərbaycan Folkloru Külliyatı, II cild. səh 14–18.
  12. Azərbaycan Folkloru Külliyatı, II cild. səh 24–32.
  13. Azərbaycan Folkloru Külliyatı, II cild. səh 36–40.

İkinci dərəcəli mənbələr

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Türk mitolojisi ilə ilgili bir tabir Tapduk. Kemal Yüce. Kanyılmaz Matbaası, 2005.
  2. 1 2 3 Sehrli nağıllarda mifoloji dünya modelinin elementləri. Nail Qurbanov. Sumqayıt Dövlət Universiteti, 2021.
  3. Oruc Əliyev. Azərbaycan nağılları: janr, süjet və obraz problemləri. Bakı, Elm və təhsil, 2019, 304 səh.
  4. Türk Mitolojisi Ansiklopedik Sözlük, Celal Beydili, 2003, Yurt Yayınevi (türk.).
  • Azərbaycan Folkloru Külliyatı, II cild, Nağıllar (II kitab), Bakı, "Səda" nəşriyyatı, 2006, 400 səh.