Ukraine NOW — Banda Agency tərəfindən yaradılmış və Ukrayna Nazirlər Kabinetinin qərarı ilə 10 may 2018-ci il tarixində təsdiqlənmiş Ukraynanın turistik brendi.
2018-ci ildə Ukraine NOW brendi Red Dot Design Award 2018 mükafatını qazanmışdır[1].
Brendin loqotipində ölkənin adı, kommunikasiya mesajı səciyyəsi daşıyan NOW (ing. indi) yazısı və Ukraynanın yuxarı dərəcəli milli domeni olan UA piktoqramı yer almışdır.
Loqotipin fərqli xüsusiyyətlərindən biri onun üzrəində dəyişikliklərin aparıla bilməsi imkanından ibarətdir. İstifadə zamanı məxsusi elementlər üzərində dəyişikliklərin aparılması mümkündür. Həmçinin, brend üçün çıxıntısız şrift kateqoriyasına aid edilən Ermilov Bold şrifti hazırlanmışdır. Şriftin adı avanqardçı rəssam Vasili Yermilovun adı ilə bağlıdır. Şriftin müəllifi rəssamın işlərindən ilhamlandığını bildirmişdir[2].
Brendin üslubuna sarı, göy, qara rənglərdən istifadə xasdır.
Ölkə, region və şəhərlərin brendləşdirilməsinə 21-ci əsrdən etibarən başlanılmışdır. Məsələn, Sinqapur və Cənubi Koreya ölkələrinin yeni brendlərini 2007-ci ildə, Honkonq — 2000, 2004 və 2007-ci ildə. Həmçinin, öz brendlərini 2000-ci illərin əvvəllərində Britaniya və Şərqi Avropa ölkələri təqdim etmişdir. Ölkələrin brendlərinin təbliği üzrə proqramların dəyəri milyardlarla dollarla ölçülür[3]. Əsas etibarilə brendlər xarici auditoriya üçün nəzərdə tutulur. Bunun səbəbi xarici turistlərin, tələbələrin, investorların cəlb edilməsidir[4].
Brend 2017-ci ildə Ukrayna İnformasiya Siyasəti Nazirliyinin Ukraynanın dünyada tanıdılması Konsepsiyasının hazırlanması inisiativi əsasında hazırlanmışdır. Burada Ukraynanın təbliği üçün vahid brendin hazırlanması nəzərdə tutulurdu[5]. Bunun üçün tərkibi dövlət qulluqçuları, ictimai xadimlər və ekspertlərdən ibarət ekspert komissiyası təşkil edilmişdi [6]. Konsepsiyanın hazırlanması və vahid brendin hazırlanması üzrə aparılan işlərin icrasında Ukrayna İnformasiya Siyasəti Nazirliyinin dövlət katibi Artem Bidenko iştirak etmişdir[7].
Komissiyanın iş prosesi müddətində və Britaniya hökümətinin dəstəyi vasitəsilə Ukraynaya qarşı xaricdə necə münasibət bəslənməsi ilə bağlı araşdırma aparılmışdır. Araşdırma özündə Böyük Britaniyanın, Almaniyanın və Polşanın 6 fokus-qruplarını birləşdirmişdir. Bu prosesə vaxtilə Böyük Britaniyanın GREAT adı ilə təbliğ edilməsi kampaniyasına başçılıq etmiş Konrad Berd də cəlb edilmişdir. Müəyyən edilmişdir ki, Ukrayna daha çox «korrupsiya», «çevriliş», «müharibə» ilə tanınır[8].
Nəticə olaraq Ukrayna İnformasiya Siyasəti Nazirliyi Ukraynanın yeni brendi üçün vaxtilə 2017 Avroviziya Mahnı Müsabiqəsi ilə bağlı Ukraynanın loqotipini hazırlamış Banda Agency şirkətinin konseptini qəbul etdi. Onun hazırlanmasına büdcədən vəsait xərclənməmişdir[9]. Brend Ukrayna Nazirlər Kabinetinin qərarı ilə 10 may 2018-ci il tarixində təsdiqlənmişdir[10].
Loqotip sosial şəbəkələrdə geniş müzakirə olunmuşdur. Bəziləri onu həddindən artıq ifadəsiz və sadə adlandırmışdır[8]. Çünki «Ukraine» sözünün əvəzinə başqa ölkənin adı əlavə edilə bilər və heç bir fərq hiss olunmaz. Digərləri isə loqotipin müasir tələblərə cavab verdiyini bildirmişdir[11].
Bəzi mənbələrdə Ukraine NOW loqotipinin Pornhub pornosaytının loqotipi ilə oxşarlığı bildirilmişdir[12].
Ukraine NOW loqotipinin əsasında Vintage və Solar Digital veb-prodakşnları şəkil generatorları hazırlamışdır[13][14]. Bu generator vasitəsilə fərqli sözlərdən ibarət oxşar loqotip hazırlamaq olar[15].
Məşhur rəssam Sergey Poyarkov Banda Agency şirkətinin işinə mənfi rəy bildirmişdir[16]. Rusiyalı dizayner Artemi Lebedev isə loqotipin müasir tələblərə cavab verdiyini bildirmişdir[17].
Ukraine NOW brendi bir neçə mükafata layiq görülmüşdür[18]:
Həmçinin, loqotip Fast Company saytına görə ən yaxşı loqotip dizaynı nümunələri və dizayn trendləri siyahısına daxil edilmişdir[21].
Brend həm onlayn, həm də offlayn istifadə üçün nəzərdə tutulmuşdur. Brend dövlət və bələdiyyə təsisatları, biznes məqsədilə, həmçinin, vətəndaşlar tərəfindən istifadə oluna bilər.
Brenddən çap materialları, sosial şəbəkələr, radio, televiziya, reklamlar, nəqliyyat, suvenirlərdə istifadə oluna bilər. Loqotip dövlət rəmzləri ilə birlikdə istifadə oluna bilər.
KLEI şirkəti Banda Agency ilə birlikdə Ukraine NOW yazılı stikerlər hazırlamışdır. Məqsəd hər kəsin loqotipdən istifadə edə bilməsi və brendi dünyaya təbliğ etməkdən ibarətdir[22].
Ukrayna və Avropa birliyi arasında vizasız rejimin tətbiqinin ildönümü səbəbilə Indium Lab studiyası artırılmış reallıq xüsusiyyətli mobil tətbiq hazırlamışdır[23]. The Village Ukrayna[24] və Ukrayna həqiqətləri qəzetinin[15] saytlarında brendin başqa sahələrdə istifadəsi barədə məlumat verilmişdir.
Ukraine NOW brendindən Ukraine.ua saytında istifadə olunmuşdur. Brend XİN tərəfindən Ukraynanın xaricdə təbliği platforması kimi istifadə olunur.