Əfzələddin Xəqani
Xaqani Şirvani (təq. 1121, Şirvan, Şirvanşahlar dövləti – təq. 1199, Təbriz, Eldənizlər dövləti[d]) — klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Şirvani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.
Şairin adı İbrahim, atasının adı Əli idi. Orta əsr mənbələrində o, belə təqdim edilir: Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanul-Əcəm Xaqani Şirvani. Burada Həqaiqi, Həssanul-Əcəm və Xaqani onun təxəllüsü, Əfzələddin ləqəbi, Əbu Bədil kunyəsi və Şirvani mənsub olduğu yerin adı-nisbəsidir.
Xaqani təqribən 1126-cı ildə Şamaxının tat kəndlərindən biri[mənbə göstərin] olan Məlhəm kəndində anadan olmuşdur. İlk təhsilini əmisindən almış və dövrünün müxtəlif elmlərinə dərin maraq göstərmişdir. Gənc yaşlarından yüksək şairlik istedadını göstərən Xaqani Şirvanşahlar sarayına dəvət edilir və orada böyük şöhrət tapır.