Yaponlarla yəhudilərin qohumluq nəzəriyyəsi
Yaponlarla yəhudilərin qohumluq nəzəriyyəsi (日ユ同祖論, Nichiyu Dōsoron) — ilk dəfə XVII əsrdə ortaya atılan və yaponların əslində İsrailin itmiş on qəbiləsindən biri olduğunu iddia edən marginal nəzəriyyədir. Digər versiyaya görə isə yaponlar əslində yəhudi nestorianların bir qəbiləsinin davamçılarıdırlar. Bu nəzəriyyənin bəzi versiyaları bütün yaponlara şamil edilsə də, bəziləri sadəcə spesifik qrupa aid edilə biləcəyini iddia edir.
Tədqiqatçı və müəllif Con Entin DNT testinin yaponlarla yəhudilər arasında əhəmiyyətli əlaqələrin olmadığını göstərdiyini vurğulamışdır.
Kəşflər dövründə avropalı səyyahlar qarşılaşdıqları ilk xalqları İtmiş on qəbilə ilə əlaqələndirməyə və xristian missionerlərə təqdim etməyə çalışmışdılar. İtmiş qəbilələrin Şərqi Asiyada olduğunu iddia edən ilk şəxs missioner və tərcüməçi olan Joao Rodriges (1561-1634) olmuşdur. 1608-ci ildə o, çinlilərin əslində İsrailin itmiş on qəbiləsinin davamçıları olduğunu iddia etmişdir. O inanırdı ki, çinlilər konfutsiçi və laoçu ideyaları iudaizmdən götürüblər. Yaponiya tarixindən bəhs edən kitabında o, Yaponiyanın biri Çindən, digəri Koreyadan olmaqla iki dalğa üzrə məskunlaşıldığını iddia etmişdir.
Yaponlarla yəhudilər arasında ortaq əcdad nəzəriyyəsi Yaponiyada missioner olan şotland Nikolas Makleod tərəfindən XIX əsrdə populyarlaşdırılmışdır.