1. Bədən, yaxud onun daxili orqanları toxumalarının hər hansı bir silah və ya başqa iti, bərk şeylə zədələnməsi və bu zədənin yeri. Güllə yarası. Xəncər yarası. Yarasını sarımaq. Yaradan qan axır. – Qılınc yarası sağalar, dil yarası sağalmaz. ( Ata. sözü ).
□ Yara almaq – yaralanmaq.
Yara vurmaq – 1) yaralamaq;
2) məc. qəlbini incitmək, qəlbə toxunan söz demək, tənə vurmaq.
Yarası tərsləşmək – yarası şiddət etmək, sağalmamaq.
// Hər nə şəkildə olursa olsun, bədənin bir yerində əmələ gəlmiş zədə; xora. Əlləri yara içindədir. Yara yeri. Bədənini yara basmış.
2. məc. Dərd, iztirab, ruhi sarsıntı, ürək acısı. Ürək yarası.
3. məc. Cəmiyyətdə olan mənfi hadisələr haqqında. Yazıçı öz əsərində köhnə cəmiyyətin yaralarını açıb göstərmişdir.
// məc. Vurulan ziyan, zərər, təxribat haqqında.
◊ Yara bağlamaq məc. – imdada çatmaq, kömək etmək, yardıma qoşmaq.
Yarasına toxunmaq – birinin gizli dərdi haqqında danışmaq, zəif yerinə toxunmaq.
Yarasını təzələmək – birinin dərdini yadına salıb pərişan etmək, dərdini təzələmək.