1. Ox atmaq üçün yarımdairə şəklində əyilib ucları tarım iplə birləşdirilmiş ibtidai silah.
□ Yaya dönmək məc. – düz, şaquli vəziyyətini itirmək, əyilmək.
2. Spiral şəklində burulmuş məftil. Polad yay. Saatın yayı. Çaxmağın yayı sınıb.
// Hərəkət zamanı təkan və sarsıntının təsirini azaltmaqdan ötrü avtomobil, vaqon və s. minik vasitələrinin, banla ox arasında olan, birbirinə pərçim edilmiş, adətən bir neçə qat uzun elastik polad lövhələrindən ibarət hissəsi. Araba yayı. Vaqonun yayları.
3. məc. Klassik şeirdə: gözəlin qaşına işarə. Can alar qaşı, tökər kirpiyi qan; Mərhəba, ol oxa, ol yayə baxın! Heyran xanım.
◊ Ox atıb yayını gizlətmək – fikrini tamamilə deməmək, eyhamla, işarə ilə kifayətlənmək.