Yaysız il
"Yayı olmayan il" (ing. “Poverty Year”, “The Summer that Never Was”, “Year There Was No Summer”) — 1816-cı il Şimali Amerikada və Qərbi Avropada çox soyuq keçdiyindən həmin il tarixdə bu adla qalmışdır. Meteoroloji müşahidələrin başlandığı dövrdən bəri ən soyuq il olmuşdur. ABŞ-də 1816-cı ili, həm də “Eighteen hundred and frozen to death” (“Min səkkiz yüz və ölümcül şaxta”) adlandırırlar.
1920-ci ildə amerikalı iqlim tədqiqatçısı Uilyam Hamfreys “Yayı olmayan ili” izah edə bilmişdir. O iqlimdə baş verən dəyişiklikləri Sumbava adlı İndoneziya adasında yerləşən Tambora vulkanının püskürməsi ilə izah etmişdir. Bu püskürmə tarixən müşahidə edilmiş ən güclü vulkan püskürməsi sayılır. 1815-ci ildə baş vermiş bu püskürmə VEİ şkalası üzrə 7 bal gücünə malik idi və atmosferə atılmış 150 km3 kül növbəti illərdə şimal yarımkürəsində vulkanik qış effekti yaratmışdı.
Başqa bir məlumata görə, 1809-cu ildə tropiklər ərazisində daha bir vulkan püskürməsi baş vermişdi və onun barəsində yazılı qeydlər olmasa da, onun püskürmə gücü Tambora vulkanı ilə müqayisə edilən idi. Bu iki püskürmənin nəticəsində növbəti onillik (1810-1819) son 550 il ərzində ən soyuq onillik kimi tarixdə qalmışdı .