II Məhəmməd ibn Yezid
II Məhəmməd ibn Yəzid (d. ? – ö. 4 iyun, 956) — Şirvanşahlar dövlətinin yeddinci hökmdarı.
== Fəaliyyəti ==
Şirvanşah Əbu Tahir Yəzid ibn Məhəmmədin ölümündən sonra, onun yerinə atasının vaxtında Layzan hakimi olmuş oğlu Məhəmməd ibn Yəzid keçmişdir. O, bir oğlu Əhmədi Layzana, o biri oğlu Heysəmi isə babası Məhəmməd ibn Yəzidin vaxtında özünün əmir olduğu Təbərsərana hakim təyin etdi Şirvanın hakimi kimi onun ilk tədbiri həbsxanaya salınmış qardaşı Əhməd ibn Yəzidi aradan götürmək oldu. Sasani şahlarına xas olan bu qaydanı görünür, Şirvanşahlar onlardan əxz etmişdilər.Əsərini h.332 (943)-ci ildə tamamlamış əl-Məsudi xəbər verir ki, bu vaxt Şirvanın hakimi h.318 (930)-ci ildə aralarında toqquşma olmuş kürəkəni Əbd əl-Məlik ibn Haşimin ölümündən (h.327 (939)-ci il) sonra Xursanı, Vardanı və Dərbəndi zəbt etmiş Məhəmməd ibn Yəzid idi. Məhəmməd ibn Yəzid bütün bu torpaqları Şirvan və Layzanla birləşdirdi. Əl-Məsudi daha sonra deyir ki, "onun məmləkəti hal-hazırda, yəni h.332 (943)-ci ildə bir aylıq yol qədər uzanır. Bu, ondan irəli gəlir ki, o, öz torpaqlarına, Ənuşirəvanın (Burada söhbət, mənbələrin məlumatlarına görə,Ənuşirəvanın torpaq verdiyi erkən Şirvanşahlardan gedir.) titul verməməsinə (vəsm) baxmayaraq, zəbt etdiyi torpaqları da qatmışdır".Əl-Məsudinin dediklərindən aydın olur ki, Məhəmmədin hakimiyyəti dövründə Şirvanşahlar dövləti böyük bir əraziyə malik idi.