Azərbaycan-YUNESKO münasibətləri
Azərbaycan-UNESCO münasibətləri
BMT-nin ixtisaslaşmış təşkilatı olan UNESCO dünyanın təhsil, elm, mədəniyyət, informasiya və kommunikasiya sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumudur. Təşkilatın nizamnaməsi 16 noyabr 1945-ci ildə Londonda imzalanmış, 4 noyabr 1946-cı ildə 20 üzv dövlətdən ibarət UNESCO öz rəsmi fəaliyyətinə başlamışdır.
Hazırda UNESCO 195 ölkə və 10 Assosiativ Üzvdən ibarətdir. O, BMT və onun ixtisaslaşmış qurumları ilə sıx əlaqədədir. Həmçinin aparıcı dövlətlərarası təşkilatlarla (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, ATƏT, Afrika Birliyi Təşkilatı, Ərəb Dövlətləri Liqası, İSESKO, TÜRKSOY və s.) da geniş əlaqələrə malikdir. Eyni zamanda, UNESCO yüzlərlə qabaqcıl beynəlxalq və qeyri-hökumət təşkilatları ilə fəal əməkdaşlıq edir.
UNESCO üç əsas işçi orqandan ibarətdir: Baş Konfrans, İcraiyyə Şurası və Katiblik.
1980-ci illərin sonlarından başlayaraq UNESCO BMT-nin beynəlxalq mədəni əməkdaşlıq sahəsində xüsusi mandatına uyğun olaraq mədəniyyət sahəsində qlobal proseslər və onların yaratdığı risklərin proqnozlaşdırılması ilə bağlı informasiyanın toplanması, ümumiləşdirilməsi və
müqayisəli təhlili üzrə çoxtərəfli iş həyata keçirir. Təşkilatın o zamankı sədri Fredriko Moyorun rəhbərliyi ilə həyata keçirilən təşəbbüslərdən biri də Mədəniyyət və inkişaf
üzrə Ümumdünya Komissiyasının yaradılması oldu (Komissiyaya BMT-nin keçmiş Baş katibi Peres de Kuelyar başçılıq etdiyindən, o, “Kuelyarın komissiyası” adını almışdır - S.Ə.). 1998-ci ildə Komissiya tərəfindən mədəniyyətə dair UNESCO-nun ilk ümumdünya məruzəsi nəşr edildi.