is. [
ər. ]
1. Əmək. Zəhmətin barı. Öz zəhmətinin bəhəri.
– Əgər ki yayda zəhməti əkinçinin ziyad olur; Ziyad olursa, qış günü o da o qədr şad olur. A.Səhhət.
Həmin yükqaldıranlardan bircəsi işləsəydi, bu yüzlərlə adamın zəhməti qat-qat yüngülləşərdi. M.Rzaquluzadə.
2. Əziyyət, rahatsızlıq, narahatlıq. Çox zəhmətlə başa gələn iş. Sizə zəhmət oldu.
– Ya dost olma, ya zəhmətdən incimə; Dost yolunda boran, qar olacaqdı. Aşıq Ələsgər.
□ Zəhmət çəkilmək – bir şeyi əldə etmək üçün əmək sərf edilmək. Bu sərgini yaratmaq üçün xeyli zəhmət çəkilmişdir.
– Mən sizi qəsdən bu otağa əvvəlcə gətirdim, siz Bağdadda gördüyünüz gözəllərin, oxuyub-çalanların üzərində nə qədər zəhmət çəkildiyini təyin edə biləsiniz. M.S.Ordubadi.
Zəhmət çək(in) – xahişlə birinə müraciət (bəzən kinayə ilə deyilir). Zəhmət çəkin, gəlin.
– Bacıoğlu, sən bir balaca zəhmət çək, burada qoyunun qabağında dayan, mən çobana xəbər verim. “Koroğlu”.
[Xasməmməd:] Sən allah Xurşid xanım, bir zəhmət çək, bu şerə sən də qulaq as! C.Cabbarlı.
Qapıçı, qapıçı, bura zəhmət çək; Özünlə bir az da su gətir, içək. S.Vurğun.
Zəhmət çəkmək –
1) bir şeyi əldə etmək üçün əmək sərf etmək, işləmək, çalışmaq, əlləşmək. Bilik əldə etmək üçün zəhmət çəkmək lazımdır;
2) əziyyətə düşmək, narahat olmaq.
Çareyi-dərdimə zəhmət çəkməyin, ey dustlər; Dərdi-eşqə çarə olmaz, olsa Əflatun təbib. S.Ə.Şirvani.
Mən Məşədi Həsəndən təvəqqe etdim ki, bir-iki gün zəhmət çəkib Gəncəni mənə göstərsin. Ə.Haqverdiyev.
Zəhmət çəkmə(yin) – lazım deyil, narahat olmayın (çox vaxt kinayə ilə deyilir). Zəhmət çəkmə, hamısını özümüz görüb qurtararıq.
Zəhmət haqqı – zəhmət (iş) müqabilində verilən haqq, muzd; əmək haqqı, maaş.
Nəbi bir ilin zəhmət haqqı əvəzində bəyin bir quzusunu götürüb evlərinə qayıdır. “Qaçaq Nəbi”.
[Sarıköynəyə] yardım olmaq üçün otağımın süpürülüb təmizlənməsini ona tapşırar, zəhmət haqqı verərdim. S.Hüseyn.
Səlim bəy isə zəhmət haqqını ikinci dəfə azaltmağı qərara aldı. H.Nəzərli.
Zəhmət olmasa (olmazsa) – hörmətlə xahiş, rica bildirir. Zəhmət olmasa, o kitabı mənə verin.
– [Böyük oğlu:] Əgər zəhmət olmasa, siz də [vəsiyyəti] latın dilində (latın hürufatı ilə) yazın… Qantəmir.
Zəhmət vermək – narahat etmək, incitmək, əziyyət vermək.
Ey Füzuli, öldün, əfğan etmədin, rəhmət sənə; Rəhm qıldın, xəlqə əfğanınla zəhmət vermədin. Füzuli.
Hər sənəm ki verə yarına zəhmət; Oxunur ölüncə zatına lənət. Q.Zakir.
Çox razıyam, sizə zəhmət vermək istəmirəm. S.S.Axundov.
Zəhmətə düşmək – zəhmət çəkməli olmaq, əziyyət çəkməli olmaq, işləməli olmaq.
Zəhmətə qatlanmaq (qatlaşmaq) – əziyyətə dözmək, çətinliklərə qarşı dözümlü olmaq.
Hiss edirdim ki, Bəyim xala mənim çox işləməyimi, zəhmətə qatlaşmağımı bəyənsə də, yuxusuzluğa dözməyib bir gün yatağa düşəcəyimdən qorxurdu. İ.Hüseynov.