Ağaxan Ağabəyli
Ağaxan Ələsgər oğlu Ağabəyli (22 dekabr 1904, Kür Qaraqaşlı – 20 avqust 1980, Bakı) — kənd təssərrüfatı elmləri doktoru, professor, Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasının (hal-hazırda Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyası) müxbir üzvü (1956). AMEA-nın müxbir üzvü, Azərbaycanın Əməkdar elm hadimi (1964). Camışçılıq elminin banisi.
== Həyatı ==
Ağaxan Ağabəylinin atası Ələsgər Soltan oğlu Ağabəyli varlı, ziyalı, tacir və mülkədar olmuşdur. 1923-cü ildə Salyanda orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun kənd təsərrüfat fakültəsinə daxil olur və oranı bitirdikdən sonra göndərişlə Xalq Torpaq Komitəsinin Kolxoz mərkəzi sistemindəki salyan peşə məktəbinin direktoru (1927–1929) təyin olunur, daha sonra bakı və Şəkidə aqronom – zootexnik (1929–1930) işləyir. Orta və ali məktəblərdə oxuduğu 1920–1927-ci illərdə təhsil almaqla paralel olaraq xalq məhkəməsinin istintaq şöbəsində kargüzar və Salyan şəhərinin sosial – təminat şöbəsində işaparıcı, Bakı və Salyan şəhərlərində müəllim vəzifələrində çalışmışdır.
1925–1926-cı illərdə o, tələbə elmi xətti ilə ətlik ingilis qoyun cinslərinin yetişdirilməsi tarixini öyrənmək məqsədilə Ukraniyadaki Ümumittifaq Hibridləşdirmə və İqlimləşdirmə İnstitutuna , onların yunluq və ətlik məhsuldarlığını öyrənmək məqsədilə Askaniya-Nova Hibridləşdirmə İnstitutuna, habelə professor N. D. Potyomkinin rəhbərliyi altında elmi tədqiqatlarla məşğul olmaq üçün Moskva və Leninqrad şəhərlərinə göndərilmişdir.
A. Ə. Ağabəyli 1930-cu ildə "İri buynuzlu qaramalın genetika və seleksiyası" ixtisası üzrə Moskva ümumittifaq Elmi-Tədqiqat Heyvandarlıq İnistitutunun aspiranturasına daxil olmuş və "Ləzgi cinsli qoyunlar və onların meronoslarla çarpazlaşdırılmasının nəticələri" mövzusunda tədqiqatlar aparmışdır.
A. Ə. Ağabəylinin bir alim kimi formalaşmasında N. D. Potyomkin, E. N. Liskin, A. S. Serebrovski, M. A. Dyakov, N. İ. Kalugin, İ. V. Fiqurovski, V. T. Smirnov-Loginov və b. Görkəmli alimlərin böyük rolu olmuşdur.