Bozlu (Laçın)
Bozlu — Azərbaycan Respublikasının Laçın rayonu Bozlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Bozlu kəndi Mirik kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Bozlu kənd Soveti yaradılmışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
== Toponimikası ==
Kəndin keçmış adı Bozlu Ağcakənd olmuşdur. XVIII əsrdə Dərələyəz mahalından gəlib burada məskunlaşmış bozlu (bozulu) tayfasının adındandır. XIX əsrdə kəndin əhalisi hazırda Bozlu gövşəni, Bozlu copu (Minkəndin qərbində) adlanan yerdən Minkənd çayının sol sahilindəki indiki yerə köçmüşdür. Etnotoponimdir.
== Tarixi ==
Kəndin adı işğaldan sonra ermənilər tərəfindən dəyişdirilməmişdir. Tarixi baxımdan Bozlu kəndinin ərazisi tam tədqiq edilməsə də, bu ərazidə albanlara aid daş fiqurların çoxluğu, orta əsrlərə aid su dəyirmanının mövcudluğu və qədim alban kilsəsi, coxsaylı qədim yaşayış məskənləri olmuş mağaralar diqqət çəkir.