Alınma sözdür, tələffüzü də ağırdır, xalq arasında da yayıla bilməyib. Bizdə onun əvəzinə qayakələri işlədilib, indi də el içində çox yayılıb. İkinci adı da üzülən olub (tez-tez rəngini, üzünü dəyişir). Kələr bizdə çox yayılmış söz olub: sukələri –salamandra, qumkələri –kərtənkələ və s. İndi bircə kərtənkələ sözü saxlanılıb. Kələr sözünün mənası “gödək” deməkdir. Kərtənkələ yerinə, “kəltəilan” (gödək ilan) da deyiblər. Deməli, buqələmun sözünün yerinə, qayakələri (və ya üzlən) işlətmək pis olmazdı, bunu H.Zərdabi də məsləhət bilmişdir. O yazırdı ki, buqələmun kərtənkələnin bir növüdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)