Etnologiya
Etnologiya (yun. ἔθνος, xalq + -loqos — təlim, elm) — etnik prosesləri öyrənən elmdir.
== Etnologiyanın predmet və obyekti ==
Etnologiya termininin özü yunan dilindən götürülmüş iki sözdən ibarətdir – etnos (xalq) və loqos (söz, elm, təlim). Antik dövrdə qədim yunanlar onlardan dili, dini, həyat tərzi, adət və ənənələri baxımından fərqlənən digər xalqları – qeyri-yunanları etnos adlandırırdılar. Məhz bu mənada etnos anlayışı Roma mədəniyyətinə və latın dilinə daxil olmuşdur. Sonralar latınlaşdırma nəticəsində “etnik” (ethnikos) anlayışı meydana gəlmişdir. Bibliya mətnlərində bu anlayış “bütpərəst, qeyri-xristian” mənasında işlənir. XIX əsrə qədər “etnologiya” anlayışından müstəqil bir elmin adı kimi deyil – yalnız müxtəlif növ etnoqrafik proseslərin təsviri zamanı istifadə edilirdi.Bu anlayışdan xalqlar və xalq mədəniyyətləri haqqında elmin adlandırılması üçün istifadə edilməsini fransız alimi Jan Jak Amper təklif etmişdir.1890-cu ildə Amper “antropoloji” (humanitar) elmlərin təsnifatını işləmiş və bu təsnifata etnologiyanı da daxil etmişdir.
Etnoslararası və etnomədəni proseslərin bir çox müasir aktual və mürəkkəb olan problemlərin öyrənilməsi, bu sahədə müsbət nəticə verə biləcək yeni layihələrin hazırlanması və tətbiqi üçün digər ictimai elmlərlə yanaşı etnologiya da olduqca böyük əhəmiyyətə malikdir. Etnologiyanın bir müstəqil elm kimi təkamülü avropalılar tərəfindən “yad” xalqların mədəniyyətlərinin tədqiq edilməsindən başlayır.