Girdiman knyazlığı
Girdiman knyazlığı — Qafqaz Albaniyasının Girdman vilayətində knyazlıq.
VII əsrin əvvəllərində Albaniyanın Girdiman vilayətində Girdiman knyazlığı yaranmışdır.
591-ci il Sasani-Bizans müqaviləsinə görə Albaniyanın Girdiman vilayəti,eyni zamanda,Tiflis və Dvinə qədərki ərazisi Sasanilərin hakimiyyəti altında qalmışdı.Bu ərazidə əsas üstünlüyü Azərbaycan türkləri təşkil edirdilər.Lakin hələ çox qədimlərdən Girdman vilayətində Azərbaycan türklərinə soy-kök cəhətdən yaxın,daha doğrusu,qohum olan sabir tayfaları yaşayırdılar.Sabir tayfaları cəsur və döyüşkən olduğundan Sasanilər və Bizans dəfələrlə onların hərbi qüvvəsindən istifadə etmişdi.Dörd əsrlik tarixə malik Sasani imperiyası artıq öz ömrünü başa vurmaqda idi.Sasanilərin hakimiyyəti altındakı əksər ölkələrdə yerli feodallar güclənərək,mərkəzi hakimiyyətlə hesablaşmaq istəmirdilər. Məhz belə bir qarışıq dövrdə - IV əsrin sonu – VII əsrin əvvəllərində əsasını Mehranilər sülaləsinin qoyduğu Girdman knyazlığı meydana gəldi.Əvvəlcədən onu qeyd edək ki,Mehranilər sülaləsinin soy-kökünü farslarla əlaqələndirməyə cəhd göstərilsə də, bu ideyanın müəllifləri,uğur qazanmamışlar.Məlum ideyanı irəli sürən müəlliflər Mehranilər sülaləsinin banisi Mehranın (570-590) Sasani şahı II Xosrova qohum olduğuna işarə vurmaqla bu sülaləni farsmənşəli hesab etmişlər.Məsələ ondadır ki, Mehranilər sülaləsi zaman-zaman gah Bizans,gah da türk meylli siyasət yürütmüşlər.Ən əsası isə Girdman knyazlığının qədim oğuz yurdu – Albaniyada yaranmasıdır.Yuxarıda da qeyd etdiyimiz kimi burada yaşayan əhalinin əsas hissəsini-nüvəsini Azərbaycan türkləri təşkil etdiyinə görə Girdiman knyazlığını yaradanların fars olduğunu düşünmək düzgün olmazdı.
Yarandığı ilk zamanlarda knyazlıq kiçik ərazini əhatə etsə də, sonralar – Mehranilərin ən görkəmli nümayəndəsi Cavanşirin (642-681) hakimiyyəti illərində genişlənərək İberiya (Gürcüstan) sərhədlərindən Araz çayına və Dərbəndə qədər çatırdı.Mülahizələrə görə Girdiman qalasını Mehranın nəticəsi cəsur Vardan (600-615) tikmişdir. Qeyd edək ki, VII yüzilliyin əvvəllərində Azərbaycan şimaldan gələn xəzərlərin, ortalarına yaxın isə cənubdan ildırımsürətli ərəblərin hücumlarına məruz qalırdı. Girdiman hökmdarı Varaz Qriqorun oğlu Cavanşir təlatümlü belə bir dövrdə taxt-tacı qəbul etməli oldu. Cavanşir dövrünün uzaqgörən dövlət xadimi, səriştəli, qorxubilməz bir sərkərdə idi. Ərəb-Sasani müharibələrində Sasanilər tərəfində vuruşaraq qəhrəmanlıqlar göstərmiş, 636-cı ildə baş vermiş Kadisiyyə döyüşündə şücaətlə seçilmişdi. Hətta sasani şahı II Yezdəgerd ona qiymətli hədiyyələr – qızıl kəmər, qızıl dəstəkli qılınc vermiş, başına gözəl qızıl tac qoymuşdur.