Gülay Hüseynova
Gülay Hüseynova – Aktrisa, Yazıçı, Ssenarist, Aparıcı.
== Bioqrafiya ==
Gülay Hüseynova 28 iyun 1989-cu il Bakı şəhərində müəllim ailəsində doğulmuşdur. Şair və yazıçı Məmməd Kazımın nəvəsidir.
2006-cı ildə Bakı Slavyan Universitetinin Rus Dili və Ədəbiyyatı ixtisasına qəbul olmuş, təhsil aldığı dövrdə yüksək göstəriciləri ilə fərqləndiyinə və universitetin elmi, mədəni, ictimai həyatında fəal iştirakına görə 2010-cu ildə BSU-nun Fəxri Məzunu adına layiq görülmüşdür.
Respublikanın qaçqın şəhərciklərində təhsil alan uşaq və yeniyetmələrin maarifləndirilməsində göstərdiyi xidmətlərinə görə 2009-cu ildə İlyas Əfəndiyev Fondunun Fəxri Fərmanı ilə təltif edilmişdir.
İki il pedaqoji fəaliyyətlə məşğul olduqdan sonra 2012-ci ildə rejissor Ramiz Fətəliyevin "Ən adi soyad" bədii filmində rol alaraq aktrisalıq fəaliyyətinə başlamış, 2013-cü ildə Almas İldırımın həyatından bəhs edən "Unudulmayanlar" sənədli televiziya filmində, daha sonra gürcü rejissor İrakli Apakidzenin "Həyat çiçəyi" televiziya serialında baş rollardan birini canlandırmışdır.
2015-ci ildə türk dilində yazdığı, romantik yumor janrında olan P.S. Zaten boyun da küçüktü adlı ilk kitabı yayımlandığı gündən Azərbaycanda satış rekordunu qıraraq İlin Bestselleri seçilmiş, Qızıl qələm mükafatına layiq görülmüş, 2016-cı ildə Türkiyədə də on min (10 000) tirajla nəşr edilmişdir. Bu kitab, ölkədəki rus dilli oxucu kütləsinin də böyük marağına səbəb olmaqla yanaşı, həmçinin, müasir Azərbaycan ədəbiyyatında Türkiyə türkcəsində yazmaq ənənəsinin formalaşmasına təkan vermişdir.
2017-ci ildə Türkiyədə ikinci romanı ve bir Americano yayımlanmış, Bakı, İstanbul, İzmir, Antalya, Bursa, Eskişehir, Kocaeli, Mersin, Trabzon və s. kimi böyük şəhərlərdə təqdimat və çoxsaylı imza günləri baş tutmuşdur.