1. sif. Əsassız olaraq dediyini yeritməyə çalışan, heç bir güzəştə getmək istəməyən; tərs, höcət. İnad adam. İnad xasiyyət.
– [Qulu] xəsis, tamahkar, heç bir şeyə güzəştə getməyən, tərs və inad bir adam idi. A.Şaiq.
[Böyükxanım:] Bax, özün bil, teleqram edərəm gəlsinlər! Amma Qulam xan da inadın birisidir. M.S.Ordubadi.
□ İnad etmək (eləmək) –
1) sözünün üstündə durmaq, israr etmək, sözündən geri çəkilməmək;
2) tərslik etmək, höcət göstərmək, öz dediyini yeritməyə çalışmaq.
Gülsəhər inad eləyir, Dildar isə hədə-qorxu gəlirdi. Ə.Vəliyev.
İnad göstərmək – əzmli olmaq, dəyanət göstərmək, əzmindən dönməmək, sözünün üstündə durmaq, dediyindən əl çəkməmək.
Doktor Qəbzi bəy yay zamanı Xansaray yaylağına gəlməməkdə elə bir inad göstərdi ki, hətta onun öz yavuq qohum-əqrəbası da bu işə məəttəl qalmışdılar. C.Məmmədquluzadə.
İnad yeritmək – bax
inad etmək.
[Həmzə:] [Səriyyə] də bizim ilə inad yeritsə, onda gərək bizə papaq haram olsun. C.Cabbarlı.
İnada durmaq – bax
inad etmək.
İnada düşmək – acığa düşmək, tərslik etmək, tərsliyi tutmaq.
…Əgər mənim uşaqlarımın biri inada düşüb, məni qəsd ilə incitmək istəyir, qoy burada bir söz deməyim… C.Məmmədquluzadə.
İnadı yerə qoymaq – inadından, tərsliyindən əl çəkmək, razı olmaq.
[Hacı:] Sən olasan Allah, ay Sərdar, – dedi, – bu inadı yerə qoy, bu işlərə bir əncam çək! P.Makulu.
// İs. mənasında. İnad adam, tərs adam, höcət adam.
Gülsabahın atası çox inad adamdı. Ə.Vəliyev.
[Əhməd:] Hacı, inadı var, xahiş eləyərsən, oxumaz.
Nə illah eləyirsən, oxumayanda oxumaz! İnaddı! Mir Cəlal.
2. is. Əzm, dəyanət, səbat; əzmindən dönməmə.
Belə hadisələr bizim inadımızı daha da artırmalıdır. H.Nəzərli.
Yerli əhalinin inadından … qəzəblənmiş şah vəziri Taygöz Yusifi çağırıb kimsəyə aman verməməyi ona əmr etdi. İ.Əfəndiyev.
3. İnadla şəklində
zərf – mətanətlə, əzmlə, səbatla. İnadla mübarizə etmək.
– O deyir: – Mənimdir bu ana torpaq; Vuruşur inadla əlində yaraq. M.Rahim.
…Məhsuldar çöllər yorulmadan və inadla çalışan insanlarla doludur. M.İbrahimov.
Tez-tez çay keçmək nə qədər yorucu olsa da, onlar inadla irəliləyirdilər. Ə.Vəliyev.