I Keykavus
I Keykavus – Şirvanşahlar dövlətinin otuzuncu hökmdarı, Şirvanşah III Axsitanın oğlu.
== Fəaliyyəti ==
III Axsitanın ölümündən sonra Şirvanda, onun oğlu Keykavus ibn III Axsitan hökmranlıq etmişdir. Akademik Dorn özünün yol qeydlərində Pir Hüseyin xanəgahındakı h.693 (1293/4)-cü ilə aid kitabədəki aşağıdakı adların çəkildiyini xatırlayır: Məlik Keykavus ibn Güştəsb ibn Axsitan, rəcəb 693 (iyun, 1294)-cü il. Dorn kitabənin məzmununu vermir və "məlikin adının oxunmasında xeyli tərəddüd edir".Minarənin şərq tərəfindəki bu ikisətirlik kitabəni oxuyan Ə.Ə.Səidzadə yazır: "Nəticə olaraq xanəgahdakı Pirhüseyn Şirvaninin (Şirvanın) adı çəkilən bir kitabəyə diqqət yetirək. Bu, minarənin şərq tərəfindəki ikisətirlik kitabədir. 1. "Be-name-Allah dər əhdi şahi-adil Keykavus, qədri-zeydə adilə, in imarəti-minarəra dər xaneqahi şeyxi pir Şirvanan Pirhüseyn, qüds ül-Allahi rühə". "Allahın adı ilə. Adil şah Keykavus (Allah onun ədalətini daha da artırsın) zamanında pir Şirvanının şeyxi Pirhüseyn xanəgahında (Allah onun ruhunu müqəddəsləşdirsin) bu minarənin tikilməsini..." "İkinci sətir bir neçə söz istisna olmaqla tam oxunmamışdır". Beləliklə, bu kitabə Dornun hakimiyyət illərindən birini, ehtimal ki, başlanğıcını – 1294-cü il müəyyənləşdirdiyi Şirvanşahın adının, onun fərz etdiyi kimi, Güştəsb ibn Axsitan deyil, Keykavus ibn Axsitan olduğunu dəqiq sübuta yetirir.