I Keykavus

I KeykavusŞirvanşahlar dövlətinin otuzuncu hökmdarı, Şirvanşah III Axsitanın oğlu.

I Keykavus ibn III Axsitan
1294 – 1317
ƏvvəlkiIII Axsitan
SonrakıI Keyqubad
Şəxsi məlumatlar
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri Bakı
Atası III Axsitan
Dini Sünni İslam

III Axsitanın ölümündən sonra Şirvanda, onun oğlu Keykavus ibn III Axsitan hökmranlıq etmişdir. Akademik Dorn özünün yol qeydlərində Pir Hüseyin xanəgahındakı h.693 (1293/4)-cü ilə aid kitabədəki aşağıdakı adların çəkildiyini xatırlayır: Məlik Keykavus ibn Güştəsb ibn Axsitan, rəcəb 693 (iyun, 1294)-cü il. Dorn kitabənin məzmununu vermir və "məlikin adının oxunmasında xeyli tərəddüd edir".[1][2][3]

Minarənin şərq tərəfindəki bu ikisətirlik kitabəni oxuyan Ə.Ə.Səidzadə yazır: "Nəticə olaraq xanəgahdakı Pirhüseyn Şirvaninin (Şirvanın) adı çəkilən bir kitabəyə diqqət yetirək. Bu, minarənin şərq tərəfindəki ikisətirlik kitabədir. 1. "Be-name-Allah dər əhdi şahi-adil Keykavus, qədri-zeydə adilə, in imarəti-minarəra dər xaneqahi şeyxi pir Şirvanan Pirhüseyn, qüds ül-Allahi rühə". "Allahın adı ilə. Adil şah Keykavus (Allah onun ədalətini daha da artırsın) zamanında pir Şirvanının şeyxi Pirhüseyn xanəgahında (Allah onun ruhunu müqəddəsləşdirsin) bu minarənin tikilməsini..." "İkinci sətir bir neçə söz istisna olmaqla tam oxunmamışdır". [4] Beləliklə, bu kitabə Dornun hakimiyyət illərindən birini, ehtimal ki, başlanğıcını – 1294-cü il müəyyənləşdirdiyi Şirvanşahın adının, onun fərz etdiyi kimi, Güştəsb ibn Axsitan deyil, Keykavus ibn Axsitan olduğunu dəqiq sübuta yetirir. V.M.Sısoyev xanəgahda olarkən bu kitabəyə diqqət yetirmiş, lakin onun məzmununu verməmişdir: "Minarənin səkkizüzlü hissəsinin cənub-qərb üzündə də Şeyx Pirhüseynin adı çəkilən 2 sətirdən ibarət kiçik (lx1/2 arşın) kitabə vardır".[5] Bu Şirvanşah haqqında hələlik başqa məluma yoxdur. Beləliklə, Şirvanşah Keykavus h.693-cü ilin rəcəb ayında (iyul, 1294) hakimiyyətdə olmuşdur.

Onun hakimiyyətinin sonunu yeni məlumatlar əldə edilənədək, təxmini olaraq h.717 (1317/8)-ci il hesab edilir. Y.Zambaur və V.V.Bartoldun tərtib etdikləri şəcərəyə görə, həmin vaxtdan Şirvanşah Keyqubad ibn Fərruxzadın hakimiyyəti başlanır.[6][7]

Elxanilərdən asılılıq

[redaktə | mənbəni redaktə et]

Keykavusun hakimiyyət dövrü – 1294-cü il Arqunun oğlu Keyxatu xanın hakimiyyətinin sonuna (1291-1295-ci illər) təsadüf edir. Bu dövrdə Elxanilər dövləti iqtisadi tənəzzül keçirirdi. Xəzinə boşalmış, qızıl və gümüş sikkə əvəzinə tezliklə xalq iğtişaşları nəticəsində ləğv edilmiş "çao" deyilən kağız pul buraxılmışdı. Görünür, bu vəziyyət Şirvana da aid idi. Belə ki, mənbələr Elxan Qazan xanın h.697 (1297)-ci ildə ŞirvanaBakıya gəldiyini xəbər verirlər. Rəşidəddin Arranda qışlamaq niyyətində olan Qazan xanın Təbrizdən h.697-ci il məhərrəm ayının 20-də (7 noyabr 1297) çıxdığını göstərir. Qazan xanın səfəri Zaqafqaziya ölkələrində, Gürcüstanda və ehtimal ki, Şirvanda da baş vermiş iğtişaşlarla bağlı idi. Qazan xan yolda ikən əmir Qutluqşahı Gürcüstana göndərdi. O, ölkədəki iğtişaşı yatırdıb, gürcü hökmdarı David Vaxtanqın qardaşını bəxşiş verilmək üçün Qazan xanın qərərgahına gətirdi. "Dövlət bayraqları Bakıya yollandı və Qazan xan bir neçə gündən sonra orada oldu".[8] Bu dövrdə Bakı Elxani hökmdarlarının qışlaq yeri idi. Qazan xanın Bakıya səfəri Bibiheybət məbədinə ziyarətlə də bağlı idi. Belə ki, o hakimiyyətə gəldikdən sonra islamı qəbul etmiş və Qazan Mahmud adı götürmüşdü.

Elxani hökmdarı Şirvanın rifahına diqqətlə yanaşır, ölkədə təsərrüfatın dirçəlməsi üçün bir sıra tədbirlər görürdü. Elxanilər dövründə Qazan xanın islahatlarına qədər Şirvanşahlar dövlətinin ağır iqtisadi vəziyytdə olduğunu Rəşidəddinin məlumatları, habelə Bakının İçərişəhər hissəsindəki Cümə məscidinin minarəsinin divarındakı XIV əsrin əvvəlinə aid kitabə də təsdiq edir.

Həmin kitabə elxani hökmdarı Olcaytu Məhəmməd Xudabəndənin (1304-1316-cı illər) Bakı şəhəri və (Şirvan) vilayəti rəiyyətinin bir sıra ağır vergilərdən azad olunmasına dair yarlığının (fərmanının) mətnindən ibarətdir.[9][10][11] Şirvanın əhalisi təkcə müharibələr deyil, həm də dözülməz vergilər məmurların özbaşınalığı nəticəsində var-yoxdan çıxmışdılar. Lakin artıq XIV əsrin əvvəllərindən Qazan xanın islahatları ilə əlaqəli Şirvanşahın hakimiyyətinin güclənməsi, sultan Ölcaytu vaxtında bir sıra vergilərin ləğv edilməsi və digər tədbirlər sayəsində ölkənin təsərrüfat vəziyyəti bərpa olunmağa başladı. Qazan xanın və onun varisi Ölcaytunun hakimiyyəti dövründə yerli əyanların, o cümlədən mövqeləri möhkəmlənən Şirvanşahların hüquqları bərpa edildi. Yerli feodal zadəganları ilə Elxanilər dövləti nümayəndələri arasında yaxınlaşma baş verdi. Belə ki, Elxanilərin dövlət xadimi vəziri Rəşidəddinin (1297-1318-ci illər) məktublaşmasından bəlli olur ki, o, Şirvanşahlarla qohum olmuşdur. Rəşiddədin Təbriz şəhərindən "böyük mövlana Məcid əd-Din İsmayıl Faliyə" yazdığı məktubda onu oğlanlarının toyuna dəvət edərək gəlinlərinin adlı-sanlı ailələrdən olduğunu qeyd edir, o cümlədən göstərir ki, oğlu Əmir Əlinin nişanlısının atası Şirvanşah, "Dərbənd hökmdarı sülaləsindən olan Şabran və Şamaxı hökmdarıdır. (Artıq) iki min ilə yaxındır ki, sultan (taxtı) onların nəslinə məxsusdur və onlar indiyədək Dərbənd və Şabran hökmdarlarıdırlar". Şirvanşaha – "ŞabranŞamaxı hökmdarına" göndərdiyi digər bir məktubunda Rəşadəddin onu çox nəzakətli tərzdə, ehtiramla özünün yeni bağı Fəxtəbada dəvət edir.[12]

Həmin məktubların məzmunu Şirvanşahın nüfuzunun artdığını, hakimiyyətinin möhkmləndiyini, ərazisinin keçmiş hüdudlarında genişləndiyini şəksiz şəkildə sübut edir. Monqollara tabe olmalarına baxmayaraq, Şirvanşahların hakimiyyətinin mövcudluğu və güclənməsi Şirvan şəhərlərində həyatın və abadlığın canlanmasında monqol dövlətinin tənəzzülə uğramağa və dağılmağa başladığı XIV əsrın əvvəllərində ötəri və son dərəcə qısamüddətli nəticə verən Qazan xan islahatlarından və sultan Məhəmməd Ölcaytu yarlığından qat-qat böyük rol oynadı. Bu məktubda Şirvanşahın adı çəkilmir. Onların 1315-1318-ci illər arasında yazıldığını nəzərə alsaq, ehtimal etmək olar ki, Rəşid əd-Dinin oğlunun qayınatası təqribən 1294-cü ildən 1317-ci ilədək hakimiyyət sürmüş və adı xanəgahdakı minarənin kitabəsində çəkilən Şirvanşah Keykavus olmuşdur.

Qeyd etmək vacibdir ki, Şirvanşahlar Şirvanda xanəgahlar – Navahı kəndi yaxınlığındakı Pirsaatçay xanəgahı, Bakı yaxınlığındakı Bibiheybət türbəsi, Şamaxı yaxınlığındakı Göylər kəndindəki Madəkani piri və s. – tikilməsinə və onların bəzədilməsinə böyük əhəmiyyət verirdilər. 50 il ərzində – h.641-692 (1243-1294)-ci illər arasında III Fəribürz, II Axsitan, II Fərruxzad, Keykavus və b. Şirvanşahların dövründə Pirsaatçay xanəgahının başlıca binaları tikilmişdir. Sonralar h.824 (l420)-cü ildə kitabələrin birində istehkam divarlarını bərpa etdirmiş Şirvanşah I Xəlilüllahın adı çəkilir.[13][14] Şeyx Pirhüseynin məqbərəsi üzərində tikilmiş Pirsaatçay xanəgahı Şirvanşahlar, Şirvan və qonşu ölkələrin əhalisi tərəfindən müqəddəs səcdəgah sayılmışdır. Pir Hüseyn Şirvani Şirvanşahlar I Fəribürz, onun atası Salar və babası Yezid ibn Əhməd dövründə yaşamış və h.467 (1074/5)-ci ildə çox qoca yaşında ölmüşdür. Pirhüseyn Azərbaycanda və bütün Yaxın Şərqdə məşhur olan sufi şair və panteist filosof, yüz ildən çox yaşamış Şeyx Məhəmməd Əli Bakuvinin (948-1050) kiçik qardaşı idi.[15][16][17][18]

Bakuvinin Şirvanşahın qızına məhəbbəti haqqında əfsanə dövrümüzədək gəlib çatmışdır. XIV əsrin əvvəllərinin səyyahı Şirazda dağın başında Bakuvi və onun ölümündən sonra Şirvanşahın zəvvarlara xidmət göstərmək üçün oraya gəlmiş qızının (Roi de Baku) yan-yana dəfn olunduğu məqbərəni təsvir edir.[17][19] Bu məlumatlar Şirvanşahların həm Bakuvinin, həm də Pirhüseynin şəxsiyyətinə böyük hörmət və ehtiram bəslədiklərini göstərir. Pirhüseyn xanəgahı Şirvanşahların müxtəlif vaxtlarda tikdirdikləri bir neçə binadan – Pirhüseyn türbəsi, minarəli məscid, böyük qəbul salonu, ətrafina divar çəkilmiş bir sıra yerlər, tövlə, karvansara və böyük qəbiristanlıqdan ibarət idi.[20]

Şirvanşahların xanəgahın binalarının bəzədilməsinə böyük səy göstərirdilər. Pirhüseyn türbəsi gözəl zərnaxışlı kaşılarla xüsusilə təmtəraqlı şəkildə bəzədilmişdi. Türbənin "divarları gah zərif ağ, gah da qızılıya çalan göyümtül-yaşıl minadan rəngarəng daşlar kimi par-par yanır, min bir gecənin sehrli saraylarını xatırladır". [21] Pirhüseyn xanəgahının böyük vəqf mülkləri, torpaqları var idi. Pirə qiymətli şeylər nəzir verilirdi. Məqbərə isə bahalı zərli parçalarla bəzədilmişdi. Pirhüseynin xanəgahda və onun ətrafinda yaşayan, on minlərlə baş qoyunu, inəyi, qoşqu heyvanı olan çoxlu ardıcılları – müridləri və dərvişləri var idi. Xanəgahın vəqf torpaqlarında çoxlu dərviş, xanəgaha qulluq edən işçilər – kişi və qadınlar yaşayırdı.[22][23] Pirə sitayiş etmək üçün xanəgaha çoxlu zəvvar o cümlədən Şirvanşahlar və digər hakimlər gəlirdi. Bura Şirvanın mühüm mədəni (fəlsəfı, ədəbi, dini) mərkəzi idi. Ə.Ə.Səidzadənin fikrincə, Pirhüseyn batinlik (daxilən kamilləşmə) təliminin nümayəndəsi idi. Vassaf onu sufi adlandırır və diqqəti müridlərinə cəlb edir: "Pirhüseyn Şirvani, çox ehtimal ki kəskin nəzərəçarpan bidətçi təriqətlərin heç birinə mənsub olmamışdır. Çünki bu halda o, Şirvanşahlar tərəfindən belə cidd-cəhdlə təbliğ edilməzdi".[24][25]