Giriş/çıxış kontrolleri
Giriş/çıxış kontrolleri (en. input/output controller (I/O controller) ~ ru. контроллер ввода-вывода ~ tr. giriş/çıkış denetleyici) – giriş, çıxış qurğusu və ya giriş/çıxış qurğuları ilə mikroprosessor arasında aparat interfeysi (“çevirici”, vasitəçi) olan port ilə bağlı olan idarəetmə mikrosxemi. Giriş-çıxış kontrolleri giriş və çıxış verilənlərini idarə və emal edir ki, bu da mikroprosessoru ardıcıl rabitə vasitələri ilə təmin edir, eləcə də onu başqa işlər üçün azad edir. Məsələn, klaviaturanın öz mikroprosessoru və müvafiq mikrosxemi ola bilər ki, onlar klavişlərin basılmasının emal edilməsini və onların ikilik koda çevrilməsini həyata keçirir. Analoji olaraq, disksürənin öz kontrolleri olur ki, o, oxuma-yazma başcığının müəyyən mövqeyə aparılması kimi yüksək sürətli, çətin məsələləri yerinə yetirir, fırlanan diskdə müəyyən sahələrin axtarışını və hətta xətaların yoxlanmasını həyata keçirir. Kontrollerlərin əksəriyyəti üçün onların işini idarə edən xüsusi proqramlar – drayverlər lazım olur.
İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.