777-ci Motorlu Tüfəng Alayı
777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissə, daha sonra 777-ci Motorlu Tüfəng Alayı — Azərbaycan Silahlı Qüvvələrinə bağlı Azərbaycan Quru Qoşunlarında xüsusi təyinatlı hərbi hissə.
777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissə 1 yanvar 1992-ci il tarixində, Azərbaycanın paytaxtı Bakı şəhərində, keçmiş Azərbaycan Prezidenti Ayaz Mütəllibovun hakimiyyəti dövründə yaradılmışdır. Polkovnik-leytenant Elçin Məmmədov tabor komandiri, baş leytenant Rövşən Əkbərov isə tabor komandirinin müavini təyin edilmişdir. Taborun tərkibi ilkin olaraq Əfqanıstan müharibəsi zamanı Sovet Ordusunda xidmət etmiş 32 azərbaycanlı zabitdən ibarət idi. Buna görə tabor "Əfqan" ləqəbi ilə tanınırdı. Taborun formalaşdırılma prosesi davam etdiyi müddətdə dövrün Azərbaycan Müdafiə naziri Tacəddin Mehdiyevin əmri ilə hərbi hissənin Vaqif Musayevin rəhbərlik etdiyi bir kəşfiyyat qrupu Şuşa şəhərinə göndərilmişdir.
1992-ci ilin yanvarında hərbi hissənin şəxsi heyəti keçirdiyi əməliyyat nəticəsində keçmiş SSRİ-nin 4-cü ordusunun 295-ci Motorlu Tüfəng Diviziyasının 7 PDM-ni ələ keçirmişdir. 1992-ci il fevral ayının əvvəlində, 30 zabit və 20 əsgərdən ibarət olan 777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissə şəhəri müdafiə etmək üçün Şuşaya köçürülmüşdür. Şəhərə gələn batalyon dərhal döyüş tapşırıqlarını yerinə yetirməyə başlamışdır. Bu döyüş tapşırıqlarına Ermənistan Silahlı Qüvvələrinə aid döyüş xətlərinin arxasında kəşfiyyat və təxribat əməliyyatları, eləcə də Laçından Şuşaya doğru irəliləyən kolonlara müşayiət etmək aid idi.