Zurab Muradəliyev
Zurab (Zürab) Cəfər oğlu Muradəliyev (25 avqust 1928, Bakı – 27 dekabr 1981, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR əhaliyə məişət xidməti naziri (1968–1974).
== Həyatı ==
Zurab Cəfər oğlu Muradəliyev 1928-ci ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Əmək fəaliyyətinə Bakı Dəmir Yolu Texnikumunu bitirdikdən sonra 1947-ci ildə sınaqçı texnik kimi başlamışdır. Yol xidməti mühəndisi, mühəndis-mexanik vəzifələrində işləmişdir. Paralel olaraq təhsil almış və 1957-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir.Zurab Muradəliyev 1955-ci ildə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Dzerjinski Rayon Komitəsinin, 1956-cı ildən isə Bakı Şəhər Komitəsinin katibi seçilmişdir. 1959-cu ildə o, partiya işinə — Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin təşkilat şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmişdir. 1961–1968-ci illərdə Azərbaycan Kommunist Partiyası Nərimanov Rayon Komitəsinin birinci katibi, 1968-ci ilin noyabr ayından isə Azərbaycan SSR məişət xidməti naziri olmuşdur. 1974-cü ildən həyatının son günlərinədək Azərbaycan SSR Nazirlər Sovetinin İşlər İdarəsində xarici-iqtisadi əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışmışdır.Zurab Muradəliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olmuş, Azərbaycan SSR Ali Sovetinin 6–8-ci çağırış deputatı seçilmişdir. "Qırmızı əmək bayrağı" və "Şərəf nişanı" ordenləri, eləcə də SSRİ medalları ilə təltif edilmişdir.Zurab Muradəliyev 1981-ci il dekabrın 27-də vəfat etmişdir.