Kəskin qarın
Kəskin qarın termini altında səbəbi bəlli olmayan kəskin şiddətli və ya kəskin təkrarlanan, qayıdan qarın ağrıları nəzərdə tutulur. Kəskin qarın zamanı təcili diaqnostikaya və çox vaxt cərrahi əməliyyata ehtiyac duyulur .
Kəskin qarına aşağıdakılar səbəb ola bilər:
Kəskin xolesistit
Kəskin pankreatit
Kəskin appendisit
Bağırsaq keçməməzliyi - (lat. ileus)
Kəskin peritonit
Mədə və onikibarmaq bağırsaq xoralarının perforasiyaları (deşilməsi)
Bağırsaq divertikulitlərinin perforasiyaları
Öd kisəsi divarının perforasiyası
Mezenterial infarkt (müsariqə arteriyalarının trombozları nəticəsində meydana çıxan bağırsaq nekrozu).
Böyrək sancıları
Qarın aortası anevrizması
Partlamış ektopik hamiləlik
metabolik xəstəlik (şəkərli diabet sonucunda laktasidoz)
Kəskin qarının əsas kliniki bəlirtiləri aşağıdakılardır:
şiddətli qəfləti və ya daimi yerli yaxud yayılan qarın ağrıları
peritoneal əlamətlər (əzələ gərilməsi - qarın divarının hissəvi və ya tam gərginliyi taxta qarın — Şotkin-Blyumberq simptomu)
bağırsaq peristaltikasının pozulması (köpmə, ürək bulanması, qusma)
qan dövranının pozulması, şok (dəri örtüklərinin avazıması,rəngin solğunlaşması, yapışqan tər, gözlərin çuxura düşməsi,tezləşmiş zəif nəbz, arterial təzyiqin düşməsi)
defekasiya(nəcisin ifrazı) aktının olmaması
ümumi vəziyyətin pozulması.
Ağrılar xasiyyətcə 3 cür olur:
Tutmaşəkilli visseral ağrılar küt, dərin, diffuz (yayqın), çox vaxt tutmaşəkilli (intensivliyinə görə artan-azalan) olur, xəstə dəqiq yerini söyləyə bilmir. Visseral ağrılar boşluqlu orqanın şişib gərilməsi, əzələ yığılmaları (spazmaları), bağırsağın ağrıverici hiperperistaltikası və yaxud orqan kapsulunun qəfləti gərilməsi sonucunda meydana gəlir, məsələn: sidik axarı sancısı, öd kisəsi sancısı, qara ciyər kapsulunun gərilməsi.
qəfləti güclü ağrılar hansısa boşluq orqanının dəlinməsi və ya qarın aortası anevrizmasının əlaməti ola bilər.
Sürəkli somatik ağrılar kəskin, yandırıcı olur, xəstə dəqiq yerini deyə bilir. İltihab (örnəyin appendisit), zədə və ya orqanın emboliyası (damar tıxanması) nəticəsində əmələ gəlir və peritondan, mezenterdən mezokolondan yaxud peritonarxası sahədən qaynaqlanır.